Milli QHT Forumu Qaradağda

19 Fevral 2013 17:10 (UTC+04:00)

Azərbaycan Milli QHT Forumu "Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası" layihəsi çərçivəsində YAP Qaradağ Rayon Təşkilatında seminarını həyata keçirdi. Qurumdan SİA-ya verilən məlumata görə, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verdi.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək bu layihəyə dəstək verdiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, tədbirin keçirilməsinə razılıq verdiyinə görə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova və kollektivinə minnətdarlığını bildirdi.

Rauf Zeyni layihə haqqında qonaqları ətraflı məlumatlandırdı. Qeyd etdi ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi,siyasi,şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək,həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Layihədən əsasən əlilliyi olan uşaqlar və onların ailələri,sağlamlıq imkanları məhdud olan insanlar,o cümlədən müvafiq dövlət,icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaq.

Layihə çərçivəsində həyata keçiriləcək seminarlar və maarifləndirmə tədbirləri nəticəsində nəzərdə tutulmuş əlilliyi olan insanların sosial, hüquqi, psixoloji, mənəvi və fiziki hüquqlarının qismən təmin olunaraq yerlərdə, dövlət idarələrində, mənzil-kommunal xidməti müəssisələrində, bələdiyyələrdə, icra hakimiyyəti idarələrində və digər qurumlarda əlilliyi olan insanların mənafelərinin və hüquqlarının qorunması hallarına daha həssas yanaşılacaq. Tədbir zamanı həmçinin sağlamlıq imkanları məhdud olan insanların şikayətləri də dinlənildi.