“Azərbaycan tarixi fənn aylığı”na yekun vuruldu

19 Fevral 2013 15:28 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Azərbaycan tarixi fənn aylığı"nın yekun konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva bildirib ki, ölkənin orta məktəblərində "Azərbaycan tarixi fənn aylığı" ötən il noyabr 26-dan dekabrın 25-dək davam edib.

Onun sözlərinə görə, "Tariximiz – dünənimiz, bu günümüz və gələcəyimizdir" adlı "Azərbaycan tarixi fənn aylığı"nı keçirməkdə məqsəd şagirdlərin "Azərbaycan tarixi" fənninə olan maraqlarını daha da artırmaq, eyni zamanda, müəllimlərin bu fənnin tədrisi ilə bağlı fəaliyyətini daha da gücləndirmək və stimullaşdırmaqdan ibarətdir: "Aylıq 4 nominasiya üzrə keçirilib ki, onlara da fəal təlim əsasında qurulmuş ən yaxşı dərs layihəsi və ya metodik tövsiyə, Ən yaxşı metodik iş sistemi olan məktəb, Ən yaxşı "Açıq dərs" və şagirdlərin Azərbaycan tarixi fənnindən ay ərzində keçilən mövzulara aid ən yaxşı yaradıcı işləri daxildir. Fənn aylığı Bakı şəhər üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimləri ilə yanaşı, VII -XI sinif şagirdlərini əhatə edib və üç mərhələdə keçirilib".

Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı, millət vəkili Ziyad Səmədzadə və digər qonaqlar belə aylığın keçirilməsini yüksək qiymətləndiriblər.

Tədbirin davamında hər nominasiya üzrə qaliblərə 1 nəfərə I dərəcəli, 2 nəfərə II dərəcəli, 3 nəfərə isə III dərəcəli diplom verilib. Ayrı-ayrı nominasiyalar üzrə fəallığı ilə seçilən iştirakçılar isə həvəsləndirici diplomla mükafatlandırılıblar. Sonda isə tədbir Bakının istedadlı yetirmələrinin hazırladıqları musiqili ədəbi – bədii kompozisiyalarla davam etdirilib.

Nərmin Nəsirli