“Avropadakı böhran Azərbaycan iqtisadiyyatına təsir göstərməyəcək” MÜNASİBƏT

19 Fevral 2013 10:47 (UTC+04:00)

Yanvar ayında Avropa Birliyində (AB) Ümumi daxili məhsul (ÜDM) 0.6 faiz aşağı düşüb. Bütövlükdə ticarət dövriyyəsi 0.9 faiz aşağı enib. Sənayedə isə təxminən 1 faizədək azalma vardır. Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov Avropada növbəti dəfə hökm sürən iqtisadi böhran dalğasında münasibət bildirərkən deyib.

İqtisadçının sözlərinə görə, səhm və qiymətli kağızlar bazarında yanvar ayının yekunları da heç də ürəkaçan deyil: "Ötən ayın yekunlarında da AB-nin iqtisadiyyatı üçün xarakterik olan böhran qalmaqalı hələ də davam etməkdədir. AB-də 2013-cü ilin birinci yarısında böhranın davam edəcəyi öncədən proqnozlaşdırılırdı. Hələ AB-də böhranın aradan qaldırılması ilə bağlı konkret resept yoxdur. Xüsusilə Yunanıstan və İspaniyada böhrana qarşı mübarizənin aparılmasına baxmayaraq, hələlik uğurlu heç bir şey əldə olunmayıb. Avropada böhranın davam etməsi uzun illər Avropa ilində müşahidə edilən problemlərin aradan qaldırıla bilməməsi ilə bağlıdır. AB hələlik avrozonadakı problemi, o cümlədən avrozonaya üzv olan Yunanıstan, İspaniya və İrlandiyada problemin aradan qaldırılması ilə bağlı konkret plana malik deyil. Təbii ki, konkret plana malik olmadığı üçün böhran hələ də davam etmıəkdədir. AB-də böhran dünya iqtisadiyyatı üçün arzuolunan deyil. Çünki dünya iqtisadiyyatının bütövlükdə ümumi həcminin təxminən 25 faizi AB-nin payına düşür. AB ixrac potensialına görə, dünyanın ən aparıcı birliyidir. AB-nin üzvü olan ölkələrdən Almaniya, Fransa o cümlədən İspaniya və İtaliya dünyanın ən əsas ixracatçı ölkələrindən biridir. Təbii ki, avro dünyada ən çox istifadə olunan valyutalardan biridir. Bu gün dünya valyuta ehtiyyatlarının təxminən 24 faizi avro ilə saxlanır, hansı ki, avro dollardan sonra ikinci yığılan, müraciət edilən valyutadır"

V.Bayramov hesab edir ki, bütün bunlara baxmayaraq avrozonada müşahidə edilən böhranın Azərbaycan iqtisadiyyatına təsir imkanları yoxdur: "Baxmayaraq ki, Azərbaycanın xarici dövriyyəsinin 65 faizi AB-nin payına düşür. Azərbaycanın Avropaya ixracatında hər hansı bir dəyişikliklər yoxdur. Hətta böhran olduğu zamanda belə Azərbaycan Avropaya öz ixracatını davam etdirəcək. Çünki Avropanın Azərbaycandan ixrac etdiyi məhsullar içərisində neft və neft məhsulları aparıcı yeri tutur. AB-dəki böhran 2013-cü illərdə, eləcə də növbəti illərdə Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməyəcək. Təbii ki, Azərbaycan avrozonadakı böhranın qısa bir zamanda aradan qaldırılmasında maraqlıdır. Çünki AB neftə olan tələbatın formalaşmasında bilavasitə iştirak edir. Məlumdur ki, neft istehlakına görə, Avropa dünyada ikinci qitədir. Eyni zamanda AB-dəki böhranın aradan qalxmsı, avronun məzənnəsinin möhkəmlənməsinə gətirib çıxaracaq ki, bu da Azərbaycanın avro ilə saxlanılan rezervlərinin dəyərinin artrmasına şərait yaradacaq".