Elçin Mirzəbəyli: “Sarkisyan seçkilərə vahid namizəd kimi qatılıb”

18 Fevral 2013 19:02 (UTC+04:00)

Bu günə qədər Ermənistanda demokratik seçkilər keçirilməyib. İndiki seçkilər də istisna deyil. Bu fikirləri SİA-ya açıqlamsında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Ermənistanda keçirilən qeyri-demokratik seçkilərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Serj Sarkisyan Ermənistanda elə seçki prosesi hazırlayıb ki, ondan başqasının seçkidə qalib gəlməsi mümkün deyil: "Sarkisyan seçki kampaniyası zamanı bütün rəqiblərinin bir-bir aradan götürdü. Prezidentliyə iddialı olan namizədlərdən Levon ter Petrasyan seçkilərdən geri çəkildi. Bundan başqa seçkilərdə iddialı namizədlərdən Paruyur Hayrikyan sui-qəsdə uğradı. Bütün rəqiblərini zərərsizləşdirən S.Sarkisyan demək olar ki, seçkilərə vahid namizəd kimi qatılır. Elə Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı törədilmiş sui-qəsd bu ölkədəki siyasi hakimiyyətin mahiyyətini göstərir".

E.Mirzəbəyli Ermənistanda baş verən qanun pozuntularına beynəlxalq birliyin səssiz qalmasına da münasibət bildirib: "Dünya birliyi Ermənistanda baş verən qanun pozuntularına hər zaman göz yumub. Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı törədilmiş böyük bir cinayət hadisəsinə qarşı beynəlxalq ictimaiyyət susdu. Ermənipərəstlik nümayiş etdirərək baş verən hadisəyə xüsusi diqqət yetirmədilər. Hesab edirəm ki, bu seçkilərdəki saxtakarlıqlara da beynəlxalq ictmiyyət susacaq. Ermənistandakı seçkilərə lazimi münasibət göstərilsə seçkilərin legitimliyini şübhə altına alınmalıdır. Əgər beynəlxalq təşkilatlar ədalətli olmağı bacarsalar keçirilən seçkilərin legitimliyi tanınmamalıdır. Bu kimi hadisələrə münasibət bildirilməməsi ikili standartların nəticəsidir".