Zahid Oruc: “Seçki qutusundan Sarkisyanın çıxması təəccübləndirici deyil"

18 Fevral 2013 16:30 (UTC+04:00)

"İndiyədək Ermənistanda keçirilən seçkilər demokratik tələblərə uyğun olmayıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Ermənistanda bu gün keçirilən seçkilərdə baş verən qanun pozuntularını şərh edərkən deyib. Onun sözlərinə görə, əslində seçkilər mahiyyət etibarı ilə Ermənistanın daxili və iqtisadi-sosial mühitində heç bir dəyişiklikliyə səbəb olmayacaq: "Faktiki olaraq Sarkisyanın hərbi xuntası seçki dövründə özünün qanun pozuntuları ilə müşayiət edildi. Digər namizədlərdən üstün hüquqlarını bərqərar etməklə özünün seçilməsinə şərait yaratdı. Seçki qutusundan S.Sarkisyanın çıxması heç kəsi təəccübləndirməməlidir. Çünki əvvəlcə müxtəlif namizədləri prosesdən kənarlaşdırdı. Sonrakı dönəmdə isə Paruyur Hayrikyana qarşı baş verən terror hadisələri sübut etdi ki, ssenaridən kənar hər hansı hərəkət həmin insanların həyatı bahasına başa gələ bilər. Hesab edirəm ki, Ermənistandakı seçkiləri seçki adlandırmaq olmaz. S,Sarkisyanın yenidən seçilməsi təkcə özünə və xalqına deyil, eyni zamanda regiona və Azərbaycanın təhlükəsizliyinə də təsir göstərəcək. Beynəlxalq dairələr bu seçkiləri legitim və qanuni saymamalıdırlar. Belə hərbi rejimlərlə sülh danışıqlarının davam etdirilməsi və sonda hansısa bir sənədin imzalanması da qeyri-mümkündür. Sarkisyanın prezidentliyi dövründə xalq parçalandı. Böhran daha da dərinləşdi. İnsanlar ölkəni tərk etməyə başladı. Buna görə də Sarkisyan seçildiyi təqdirdə xalqına yeni heç nə verə bilməyəcək".