Röyanın mega-hiti Türkiyədə

18 Fevral 2013 12:30 (UTC+04:00)

Estrada ulduzu Röya Türkiyədə yaradıcılığını davam etdirir. Müğənni bu dəfə qardaş ölkənin musiqi dünyasına Azərbaycanda ən uzunömürlü hiti olan "Bəlkə də" kompozisiyasını çıxaracaq. SİA-nın məlumatına görə, mega-hit Türkiyədə üçüncü dəfə aranjeman olunacaq.

"Bəlkə də"nin musiqisi sevilən və istedadlı bəstəkar Pərviz Mahmudov, sözləri Leyli İsrafilovaya məxsusdur.

P. Mahmudov mahnının Türkiyədə də seviləcəyinə əmindir: "Röyanın çox hit mahnıları olub. Amma düşünürəm ki, "Bəlkə də" uzun müddət hit olaraq qaldı. Mahnı iki versiyada aranjeman olunmuşdu, hər ikisi radio dalğalarında səslənməzdən əvvəl sevilməyə başlamışdı".

P.Mahmudov Röya ilə yaradıcı birliyini davam etdirdiyini də vurğuladı: "Bir il keçdi" və "Son görüş" mahnılarım da Röyanın ifasında çox sevilir. Bizim yaradıcı vəhdətimizin uğurlu alındığını düşünürəm. Elə buna görə də tezliklə daha iki bəstəmi Röyanın ifasında eşidəcəksiniz. Hər ikimiz bu kompozisiyaların da mega-hit olacağına inanırıq".

Qeyd edək ki, "Bəlkə də" artıq Türkiyədə də bir çox musiqiçilərin rəğbətini qazanıb.

"Bəlkə də" mahnısının Azərbaycanda sevilən versiyasını dinləyin: