“Bilik olan yerdə həmişə inkişaf olacaq” FOTOLAR

16 Fevral 2013 15:47 (UTC+04:00)

"Bilik olan yerdə həmişə inkişaf var". ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, bu sözləri fevralın 15-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Xaçmazda reallaşdırdığı "VI Liderlik Məktəbi - "Qış Parlamenti"nin gənc parlamentariləri ilə görüşə gələn Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov deyib.

Tələbə - gənclərlə vətəndaş cəmiyyətinin ümumi inkişafı haqda söhbət açan akademik qeyd edib ki, hər bir ölkənin stabil inkişafı və gələcək uğuru onun savadlı və dünyagörüşlü gənclərindən asılıdır. Görüşün sonunda gənc parlamentarilərin suallarını cavablandıran rektor parlamentin işinə uğurlar arzu edib.

Həmin gün "Qış Parlamenti"nin 6 komitəsi (Hüquq Siyasəti, Dövlət Quruculuğu və Təhlükəsizlik Komitəsi, İqtisadi Siyasət, Energetika və Ekologiya Komitəsi, Regional Məsələlər və Aqrar Siyasət Komitəsi, Elm, Təhsil və Mədəniyyət Komitəsi, Beynəlxalq Münasibətlər Komitəsi və İnsan Hüquqları və Sosial Siyasət Komitəsi) hər biri öz komitəsinin baza prinsiplərinə uyğun işlənib – hazırlanmış qanun layihələrini parlamentin sessiyasında müzakirəyə çıxarıblar.

Qeyd edək ki, müzakirəyə çıxarılmış qanun layihələri arasında fermer bazarlarının yaradılması, aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatı, velosipedlərdən istifadənin genişləndirilməsi, müasir elm sahələrində milli (gənc) kadrların hazırlanması və digərləri vardır.

Fevralın 16-da gənc parlamentarilər təklif edilmiş bu və ya digər qanun layihəsi üzrə səsvermələr keçirəcəklər. Həmin gün millət vəkillər və digər rəsmi qonaqların iştirakı ilə parlamentin bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.