Rezedentlər təcrübələrdən yararlanacaq

16 Fevral 2013 09:08 (UTC+04:00)

Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 11-18 fevral 2013-cü il tarixlərində Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar xəstəlikləri üzrə treyninq kursları keçirilir. SİA-nın xəbərinə görə, bu məqsədlə İtaliyanın Milan şəhəri San Donato Mərkəzinin uşaq ürək cərrahı Prof. Alessandro Giamberti ilə Almaniyanın Hamburq şəhəri Pediatrik Kardiologiya Klinikasının direktoru Prof. Dr. Coxen Vielin dəvət olunub. Ölkədə təhsil alan gənc rezedentlərin tədrisi baxımından böyük əhəmiyyət kəsb edən bu treninqlərin keçirilməsi, Avropalı mütəxəssislərin təcrübələrindən yararlanmağa da imkan verəcək.

Bu tarixlərdə həmçinin, çox mürəkkəb anadangəlmə ürək qüsurundan əziyyət çəkən 15 körpə uşaq üzərində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi atlında, xarici mütəxəssislərlə birgə cərrahi əməliyyatların icrası nəzərdə tutulub. 40-50-yə yaxın xəstənin müayinələri planlaşdırılır. Bu əməliyyatların 8-i Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçiriləcək.

16 Fevral tarixində isə Respublika Müalicə Diaqnostika Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə "Anadangəlmə Ürək Qüsurlarına müasir baxış" mövzulu elmi-praktiki konfrans keçiriləcək. Konfransda bu sahədə olan yeniliklər və bu aspektdə gələcəyə dair fikirlər istiqamətində yerli mütəxəssislərlə qarşılıqlı diskussiya aparılacaq.