Ermənistan rəhbərliyi Rusiyanın siyasi və hərbi dairələrinin təhriki ilə hər fürsətdə yaxın gələcəkdə Xocalı hava limanından uçuşların həyata keçiriləcəyini bəyan edir. Sözsüz ki, bu da bölgədə gərginliyi artıracağını, yaranacaq qarşıdurmanın isə müharibəyə çevrilmə ehtimalını artırır. Təxribatla məşğul olan rəsmi Yerevan Azərbaycanı məsələni siyasiləşdirməkdə günahlandırır.
Baş nazirlə prezidentin fikirləri təzad təşkil edir
Tiflisdə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində keçirilən tədbirdən sonra keçirilən mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib ki, Xocalı aeroportun açılmasını siyasiləşdirmək olmaz: "Bu fikri ATƏT-in Minsk Qrupunun həmsədrləri də deyiblər. Nə Qarabağ, nə də Ermənistan bu məsələni siyasiləşdirməyib, belə niyyətimiz də yoxdur".
Baş nazirlə prezidentin fikirləri isə təzad təşkil edir. Məsələni Azərbaycan yox elə Ermənistan gündəmə gətirir və siyasiləşdirir. Belə ki, Ermənistan prezidenti, hazırda prezidentliyə namizəd olan Serj Sarkisyan İrəvan-Xankəndi aviareysinin ilk sərnişinlərindən biri olmağa hazır olduğunu bir daha bəyan edib. "Armenia today" saytının məlumatına görə, S. Sarkisyan paytaxtın Açapnyak rayonunda seçicilərlə görüşündə Dağlıq Qarabağda hava limanının mütləq istismara veriləcəyini bildirib: "Buna heç bir şübhə yoxdur. Təyyarələrin hərbi yük aparacağı haqda arqumentlər nağıldır, çünki bunun üçün çoxlu başqa imkanlar var".
S. Sarkisyanın sözlərinə görə, Azərbaycan hədə-qorxu gəlməklə Qarabağın sahibi olduğunu göstərmək istəyir: "Lakin onlar Qarabağın sahibi olmadıqlarından, hava limanı istismara veriləcək. Problem yalnız texniki məsələlərlə bağlıdır. Təyyarə tezliklə uçacaq". Görünür bu Sarkisyanın növbəti bəhanəsidir.
Ağa deyir sür dərəyə
Əslində Sarkisyanın bu çıxışları onun cəsarətindən irəli gəlmir. Yuxarıda dediyimiz kimi burada Rusiya faktoru var. Necə deyərlər "Ağa deyir sür dərəyə, sür dərəyə".
Son zamanlar cəbhə bölgəsində vəziyyətin gərginləşməsi, həmçinin rusiyalı hərbi ekspertlərin müharibə proqnozları sözsüz ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində, eləcə də bölgə üçün yaxşı heç nə vəd etmir. Hərçənd ki, Ermənistan bu ay prezident seçkisinə gedir, ona görə də cəbhə bölgəsində vəziyyətin indikindən daha da ağırlaşmasına getməz. Ancaq prezident seçkisindən sonrakı aylarda qarşı tərəfdən istənilən təxribatı gözləmək mümkündür.
Region təhlükəli məcraya yönələ bilər
Ermənistan prezidenti və xarici işlər nazirinin Xocalı aeroportunun açılmasına dair bəyanatlarını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirir ki, istənilən qanunsuz uçuş cəhdi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə zərər vuracaq təxribatdan başqa bir şey deyil: "Azərbaycanın işğal olunmuş əraziləri üzərindən qanunsuz uçuşların həyata keçirilməsi və aeroportun qanunsuz açılışı işğal faktını və mövcud status-kvonu möhkəmləndirmək cəhdidir. Bu isə öz növbəsində həm danışıqlar prosesinə, həm Minsk Qrupunun formatına neqativ təsir göstərə və regionu təhlükəli məcraya yönəldə bilər".
Ehtimallar nə qədər düşük olsa belə, aeroport işə salınacağı təqdirdə və Azərbaycan ora uçan təyyarəni neytrallaşdırmaq üçün hansısa adekvat addım atarsa, həmin həmsədrlər o zaman Azərbaycanı tənqid edən açıqlama yayacaqlar.
Həmsədrlər niyə susur?
Beynəlxalq ictimaiyyət də məsələnin danışıqlar prosesinə ziyan vuracağını deyirlər. Avropanın ayrı-ayrı deputatları Qarabağ münaqişəsi həll olunmamış Xocalı hava limanının açılmasını bölgədə gərginliyi artıracağına diqqət çəkir.
Böyük Britaniya Mühafizəkarlar Partiyasından deputat Kris Hiton Harris Avropa Azərbaycan Cəmiyyətinin sualını cavablandırarkən deyib ki, regiona səfər etmiş bir şəxs kimi mən, Dağlıq Qarabağda baş vermiş faciəvi hadisələrin necə iz qoyduğunu və sülh danışıqlarının həssas mövzu olduğunu bilirəm: "Bu səbəbdən Xocalı aeroportunun yenidən açılması təklifi prosesə çox xələl gətirir. Bu, beynəlxalq hüquqa zidd olmaqla yanaşı, xəyallarda 20 il əvvəl həmin şəhərdən evlərini tərk etməyə məcbur edilərkən ölən insanları canlandırır. Xocalı aeroportunun yenidən açılması ilə bağlı hər hansı bir plan münaqişənin həllinə mənfi təsir göstərəcək".
Böyük Britaniya parlamentinin energetika və iqlim dəyişikliyi üzrə xüsusi komitəsinin üzvü Kristoferin Pinçer də Xocalı hava limanının yalnız Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi başa çatdıqdan sonra açıla biləciyini, bunun üçün Azərbaycan hökumətinin sanksiyasının olmasının vacibliyini diqqətə çatdırır.
Ancaq atəşkəs pozulduqda dərhal əl-ayağa düşən, bəyanatlar yayan həmsədrlər Xocalı hava limanının açılması prosesini kənardan izləməklə kifayətlənir. Həmsədrlərin susqunluğu isə başqa fikirlər yaradır.
Türkiyənin "Cihan" agentliyinə açıqlamasında fransalı senator Natali Qule də Ermənistan hökumətinin Xocalı aeroportunu açmaq cəhdini təxribat kimi dəyərləndirib. O bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın bu hərəkəti sülh prosesinə zərbə vuracaq. Xocalıdakı hadisələri soyqırımı adlandıran senator özünü Azərbaycanın fəxri vətəndaşı hesab etdiyini və hər platformada əlindən gələn qədər Azərbaycanı müdafiə edəcəyini və tanıdacağını qeyd edib.
Qafqaz siyasətində yeni ssenari
Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Son vaxtlar isə Rusiyanın ölkəmizə qarşı siyasətində aqressivlik müşahidə olunur. Qəbələ RLS ilə bağlı razılığın əldə edilməməsi, Avrasiya İttifaqına, Vahid Gömrük İttifaqına Azərbaycanın üzv olmaması rəsmi Moskvanın Qafqaz siyasətində yeni plan dəyişikliyinə gətirib çıxarıb. Kreml Cənubi Qafqazda müstəqil və balanslı siyasət yürüdən güclü Azərbaycan dövlətinin uğurlarından narahatdır. İrəvan Kremllə birgə Azərbaycanda keçiriləcək prezident seçkisini pozmaq üçün müxtəlif ssenariləri hazırlayıb həyata keçirə bilər ki, onlardan biri də Xocalı hava limanının işə salınması ola bilər. Bu da rəsmi Bakını çətin vəziyyətə salır. Çünki Xocalıya enmək istəyən təyyarənin vurulması beynəlxalq aləmdə böyük səs-küyə səbəb ola bilər. Bunun isə Azərbaycan üçün hansı mənfi nəticələrə gətirəcəyini anlamamaq mümkün deyil. Bununla yanaşı, Azərbaycan hava limanına enən, qalxan təyyarələrə kənardan tamaşaçı kimi də baxa bilməz və adekvat addım atmağa məcbur olacaq. Bütün bunların baş verməməsi üçün isə Azərbaycan diplomatiyasının mövcud vəziyyətdə hələ ki, beynəlxalq aləmi hərəkətə gətirməlidir.