"Rüstəm İbrahimbəyov "Daş yuxular" əsərinə Ermənistanda film çəkəcək"

15 Fevral 2013 17:17 (UTC+04:00)

"Əkrəm Əylislinin "Daş yuxular" əsəri cəmiyyətdə bomba kimi partladı. Bu əsər əvvəlcədən düşünülmüş formada yazılan bir əsərdir. İctimaiyyətdə böyük etirazla qarşılanan bu əsərin ərsəyə gəlməsində "Ziyalılar Forumu"nun üzvlərinin, xüsusilə də, Rüstəm İbrahimbəyov və Eldar Namazovun xidmətləri var". Bu fikirləri SİA-ya açıqlamasında "SƏS" Media Holdinqin rəhbəri Bəhruz Quliyev bildirib.

O qeyd edib ki, bu, təkcə Əkrəm Əylislinin yox, həm də Rüstəm İbrahimbəyovun və Eldar Namazovun məsuliyyətidir: "Onlar "Daş yuxular" romanını ərsəyə gətirmək üçün əvvəlcədən planlaşdırıblar".

B.Quliyev "Daş yuxlar"la bağlı ictimaiyyətə məlum olmayan faktı da açıqlayıb: "Bu gün Ermənistanda "Daş yuxular" əsərinə film çəkmək üçün hazırlıq işləri aparılır. Məndə olan məlumata görə, Ermənistanda çəkiləcək bu filmin çəkilişinə Rusiyadan, Ermənistandan bir neçə rejissor cəlb edilib. Filmi çəkmək üçün Rüstəm İbrahimbəyova da müraciət olunub və o da buna razılıq verib. Yəni Əkrəm Əylislinin "Daş yuxular" əsərinə Ermənistanda çəkiləcək filmin rejissorlarından biri də Rüstəm İbrahimbəyov olacaq. Məlumata gorə, İbrahimbəyov hazırda filmin çəkiliş şərtlərini ətraflı müzakirə etmək, qısa zamanda çəkilişə başlamaq üçün erməni diasporası ilə danışıqlar aparır".

Bu əsərdə Azərbaycan tarixinin, 1988-90-cı illərdə baş verən hadisələrin, faktların saxtalaşdırılıdığını deyən B.Quliyev qeyd edib ki, əsərdə xalqımız qaniçən, qəddar, ermənilər isə məzlum, cəfakeş və qəhrəman xalq kimi göstərilib: "Odur ki, bu əsər xalqımızın və dövlətçiliyimizin əleyhinə yazlımış bir əsərdir. Bu əsərin yazılmasında "Ziyalılar Forumu"nun üzvü Eldar Namazovun da böyük rolu olub. O, bu əsərin yazılması haqqında əvvəlcədən kifayət qədər məlumatlı olub. Hətta əsərin qeyri-rəsmi rəyçisi də olub".

Holdinq rəhbəri qeyd edib ki, Rüstəm İbrahimbəyov Rusiyada yaşayan azərbaycanlılardan biri ilə söhbətində deyib ki, mən bu filmi hazırlayıb növbəti "Oskar" mükafatına təqdim edəcəyəm.

B.Quliyev onu da bildirib ki, bu fakt Rüstəm İbrahimbəyovun "Oskar" mükafatı almaq üçün milli dəyərlərimizi də qurban verməyə hazır olduğunun göstəricisidir.