Tanınmış teleaparıcı ailə qurmağa hazırlaşır? MÜSAHİBƏ

15 Fevral 2013 12:40 (UTC+04:00)

Azərbaycanın tanınmış teleaparıcısı və "Atv maqazin verilişinin redaktoru" Günay Firudinqızının SİA-ya müsahibəsi:

- Günay xanım, şou-biznes nümayəndələrindən dostluq etdiyiniz insanlar varmı?

- Müğənnilərlə o qədər də yaxın münasibətdə deyiləm. Demək olar ki, heç biri ilə gediş-gəlişim yoxdur. Baxmayaraq ki maqazin sahəsində çalışıram, onlarla sadəcə iş birliyimiz var. Eyni zamanda da qapalı insanam. Maqazin jurnalisti Şahinlə birgə hazırlıq dərsləri almışıq. O, mənim ailəmi yaxından tanıyır. Şahin də necə qapalı xanım olduğumu təsdiqləyə bilər. Onu da deyim ki, rəfiqələrimlə də o qədər yaxın deyiləm. Çox sakit həyatım var. Hər gün Allahıma dua edirəm ki, bu sakitçiliyimi əlimdən almasın. Dava-dalaşlı həyatımın olmasını istəmirəm.

- Azərbaycan sənətçilərindən kimlərin geyimlərini bəyənirsiniz ?

- Şou-biznezdə olan insanlardan xalq artisti Aygün Kazımovayla müğənni Röyanın geyimlərini çox bəyənirəm. Amma bəzi imkanlı müğənnilər var ki, çox zövqsüz geyinirlər. Uzun illərdir, geyimləri dəyişmiyib. Ad çəkməyəcəm. Çünki heç kimlə qalmaqal yaşamaq istəmirəm. Onu da deyim ki, öz libaslarımda rahatlığa çox üstünlük verirəm.

- Şou-biznesdə küsülü qaldığınız insan varmı?

- İşimlə əlaqədar olaraq küsülü olduğum müğənnilər də var. Lakin buna baxmayaraq həmin ifaçılar dəfələrlə qonağım olub və mən onları lazımi səviyyədə qarşılamışam.

- İş həyatınızda sizi daha çox təəccübləndirən nə olub?

- İşimdə ən təəccübləndiyim məqam bəzi müğənnilərin ikiüzlü olmasdır. Belə hallarla qarşılaşanda çaşıb qalıram.

- Facebook sosial şəbəkəsinin aktiv istifadəçisisiniz. Orada sizin ünvanınıza nələr yazırlar?

- Facebookda şəxsi səhifəm var. Ora çox daxil olmuram. Sadəcə olaraq bəzən girib mənə gələn mesajları oxuyuram. Bəzilərinə cavab yazıram, bəzilərinə isə cavab yaza bilmirəm. Çünki vaxtım olmur və mən bunu onlara başa sala bilmərəm ki, bütün günümü oğluma sərf edirəm. Bəzən bu səbəbdən sərt ittihamlarla da qarşılaşıram. Məni özündən razı kimi qələmə verirlər. Hətta elə bilirlər ki, daha ATV telekanalında çalışmıram. Onu da deyim ki, bir neçə ay bundan öncə başqa telekanaldan təklif almışdım. Lakin bu təklifə heç düşünmədən yox cavabı verdim. Çünki iş yerim çox rahatdır və dəyərlidir. Mən buna görə çox sevinirəm.

- Şəxsi həyatınızda vəziyyət necədir ?

-1 oğlum var. Adı Nihatdır. O, birinci sinifdə oxuyur, çox dəcəldir. Hətta avtomobil idarə edərkən belə məni rahat buraxmır. Yol hərəkət qaydalarını öyrətməyə çalışır. Bütün günümü oğlumla keçirirəm. Hər gün onun necə böyüdüyünü görmək, mənə böyük zövq verir. Nihatın inanılmaz dərəcədə aktyorluq qabiliyyəti var. Aktyorluq sahəsinə çox meyillidir. Oğlumun yaxşı fantaziyaları var. Bəzən onun uydurub dediyi şeylərə mən belə inanıram. O, gələcəkdə istedadlı aktyor ola bilər. Onu da deyim ki, Nihat mənə geyimimdə də kömək edir. Bu da çox xoşuma gəlir.

- Günay Firudinqızı yenidən ailə qurmağı fikirləşir?

- Bu günə qədər ailə qurmaq haqqında fikirləşmirdim. Amma artıq düşünməyə başlamışam. Oğlum Nihat bəzən mənə deyir ki, hamı öləcək mən tək qalacam? Mənim niyə qardaşım və ya bacım yoxdur? Əgər qardaşım olsa məni qoruya bilər. Oğlum mənim fikrimi dəyişməyə nail olub. Belə getsə yəqin ki, ailə həyatı quracam. Onu da deyim ki, ailə dəyərlidir. Hər şeyin ilki daha dəyərli olduğundan ikinci dəfə evlənməkdən çəkinirəm. Hələ ki, heç kimə razılıq verməmişəm. Sevdiyim yoxdur. Bütün sevgim oğluma və ailəmə məxsusdur. Bəlkə də gələcəkdə sevgimi bölə biləcəyim şəxs olacaq.