“İctimai Palata” və Əkrəm Əylislinın qidalandığı mənbə eynidir

14 Fevral 2013 20:49 (UTC+04:00)

Radikal müxalifət də onun kimi millətinə və dövlətinə düşmən kəsilib

Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən millət vəkilləri, partiya təmsilçiləri və müstəqil politoloqlar "İctimai palata"nın və "Ziyalılar forumu"nun "Daş yuxular"la bağlı zıddiyətli mövqeyinə münasibət bildiriblər. SİA həmin açıqlamaları təqdim edir.

Milli Məclisin vitse-spikeri Bahar Muradova:

- Yüksək təltifləri olan bir insan məqsədyönlü şəkildə nöqsanlara yol verilibsə buna münasibətlər də uyğun səviyyədə bildirməlidir. Buna siyasətçilər də, ziyalılar da, ictimai xadimlər də, sıravi vətəndaşlar da münasibətini bildirməlidir. Cəmiyyət də hazırda Əkrəm Əylislini "Daş yuxular" kitabına bu mövqeni nümayiş etdirir. O ki, qaldı ayrı-ayı siyasətçilərin öz siyasi maraqlarından çıxış edərək buna münasibət bildirməməsinə və yaxud fikir bildirdikləri halda onu hansısa şərtlərlə bağlamasına bu onu göstərir ki, burda konyuktura əlamətləri yox deyildir. Bəzi dairələr bunu öz siyasi məqsədlərinə alət etmək istəyirlər. Bu da açıq şəkildə gözə çarpır. Mənim Milli Məclisdə çıxışımda ilk müraciətim olmuşdu ki, buna hər kəs münasibət bildirməlidir. İlk növbədə ziyalılar son vaxtlar bir çox məsələlərə münasibət bildirirlər və gözlənilən də bu idi ki, bu məsələ də diqqətdən kənarda qalmayacaq. İstər fərdi şəkildə, istər ümumi müzakirə nəticəsinə buna münasibət bildirəcəklər. Amma çox təəssüf ki, dünyanın hər yerində, o cümlədən Azərbaycanın bütün regionlarında gündəlik baş verən ən xırda hadisələrdən xəbər tutan bu şəxslər "bu kitabı oxumamışıq" deyib əsərin müdafiəsinə qalxırlar. Çox haqsız olaraq da əsəri oxuyaraq orada yazılanlara, Azərbaycan xalqına və onun mənafeyinə yönəlmiş fikirlərə qarşı haqlı olaraq etiraz səsini qaldıranları da əsəri oxumamaqda ittiham edirlər. Oxumadıqları əsəri tərifləyirlər, oxuyan adamın fikirlərini süngü ilə qarşılayırlar. Gözləmək olardı ki, onlar hamıdan tez, çevik və obyektiv münasibət bildirəcəklər. Çünki bu insanlar özlərinə ziyalı deyirlər. Düşünürdük ki, "Ziyalılar Forumu" deyilən bir qurumda birləşənlər həmkarlarının bu fəliyyətinə, bu işinə onun yaxşı əsərlərini dəyərləndirdiyi kimi, qüsurlu əsərininin də qüsurlu olduğunu açıq şəkildə söyləyəcəklər. Cəmiyyətin də istədiyi budur. Əkrəm Əylisli Azərbaycan xalqına, onun tarixinə, keçmişinə zərərli bir addım atıb. Bu baxımdan əsər ictimai rəydə haqlı olaraq qınaqla qarşılanır.

Millət vəkili Fəzail İbrahimli:

- Əkrəm Əyrisli bir məhkəmə yaratdı ki, burada özü üçün mənəvi həbsxana hökmünü verdi. O, dövlət tərəfindən bir sıra adlara nail olmuş insan idi. Ciddi yazıçı kimi xalqın nəzərində kifayət qədər qalmışdı. İnsanların gözündə müəyyən bir obraza sahib olan bu insan özü-özünə bu həbsi verdi. Artıq o "Xalq yazıçısı" adını daşımağa layiq deyildi. "Xalq yazıçısı" o adama verilir ki, xalqın obrazını əsərlərində yarada bilsin, xalqın istəyini ifadə edə bilsin. Əkrəm Əyrisli isə xalqın əlehinə olan addım atdı, bu səbəbdən də cənab Prezident onu "Xalq yazıçısı" adından məhrum etdi. Hətta o alınmasa belə xalq artıq ondan imtina etmişdi.

Millət vəkili Adil Əliyev:

- Ya Əkrəm Naibov olsun, ya da "İctimai Palata" bunlar eyni tip insan və birlikdir. Ə.Naibova "İctimai Palata"nın qahmar çıxması ümumiyyətlə, anlaşılandır. Məqsədləri isə aydındır. Azərbaycanın hərtərəfli inkişafı və bu inkişafın pik həddə çıxmasını sözsüz ki, o insanlar qəbul edə bilmir. Bu gün Azərbaycanın inkişafı "İctimai Palata"nı və onların maddi və mənəvi dəstək aldıqları qüvvələri çox ciddi narahat edir. Ə.Naibovun "Daş yuxlular" romanına Azərbaycan cəmiyyəti öz etrazını bildirdi. Bu mövqe cəmiyyətin gözü qarşısında oldu. Həqiqətən də bu əsəri müdafiə edənlərin də cox ciddi qüsurları var. Maraqlıdır "İctimai Palata"nın hərəkətlərindən, mövqeyindən bəlli olur ki, o insanlar əl oyuncaqlarıdır. Kimlərinsə sifarişləri ilə addım atır. Bu gün hər kəs bilir ki, "İctimai Palata" və ona oxşar birliklər Azərbaycanı sevməyən qüvvələrə xidmət edən barmaqla sayılan insanlardan ibarətdir. Orda burda 3-5 nəfərin toplanması da heç kimi narahat etmir. Elə insanlar var ki, maskalanıblar. Vaxt olacaq ki, cəmiyyət o insanların da üzünə tüpürəcək.

YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov:

- Əkrəm Naibovun "Daş yuxular" romanı cəmiyyətdə səs-küylə qarşılanması təsadüfi deyil. Çünki burda Azərbaycan tarixinin saxtalaşdırılmasından söhbət gedir. Ə.Naibov bu romanı yazarkən milli ruhdan çox kənar olub. Özü bu romana haqq qazandırmağa bir yana, hətta ölkədə bu romana haqq qazandıranlar da var. Bu qəbuledilməzdir. Bütün Azərbaycan xalqı buna etiraz edir. Bədnam "İctimai Palata"nın və "Ziyalılar Forumu"nun bu əsərlə mövqeyi aydındır. Belə bir yanaşma milli maraqlarımıza uyğun deyil. "İctimai Palata" yarandığı gündən bu günə qədər milli maraqlara uyğun addım atmayıb və bu məsələdə də onların anti-Azərbaycan mövqedən çıxış etməsi təəccüblü deyil. Çünki onlara verilən bütün sifarişlər Azərbaycanın əlehinə yönəlib. İstər "İctimai Palata", istər "Ziyalılar" Forumu, istərsə də anti-Azərbaycan meyilli qüvvələrin təmsil olunduğu başqa birliklər olsun, onlar bu əsərin müdafiəsinə qalxmaqla sübut edilər ki, bizim məqsədimiz xalqın milli maraqlarına zidd addımlar atmaqdır. Əgər hansısa şəxs o təşkilatlarda təmil olunub, "Daş yuxlular" romanını tənqid etsə belə, onun da səmimiyyətinə inanmaq çətindir. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Ə.Naibovun "Xalq yazıçısı" adından və Prezidentin fərdi təqaüdündən məhrum edilməsi bir daha göstərdi ki, xalqın iradəsinə ölkə rəhbəri hörmətlə yanaşır. Ə.Naibov düşünməsin ki, ermənilərin maraqlarına xidmət edən bir əsər yazmaqla Azərbaycan dövlətinin apardığı siyasətə təsir edəcək. Bu əsla belə deyil. Xalqla və ölkə rəhbərinin mövqeyi eynidir. Bu mövqe isə ədalətli və beynəlxalq hüququn prinsiplərinə sadiqliyinin göstəricidir.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu:

- "İctimai Palata" xalqın qəbul etmədiyi təşkilatdır. Bu təşkilat anti-Azərbaycan mərkəzlərin proyektidir. Eyni zamanda maddi və ideoloji resurs etibarilə onlardan bəhrələnir. Ona görə də təccüblü deyil ki, "İctimai Palata" Əkrəm Naibovun Azərbaycan tarixinə böhtan atan əsərinə haqq qazandırıb. Bu hadisənin özü də göstərir ki, Ə.Naibovun və "İctimai Palata"nın qidalandığı mənbə eynidir. Onlar eyni yerdən alınan sifarişlə sinxron hərəkət edirlər. Azərbaycan cəmiyyəti bu məsələnin fərqindədir ki, anti-Azərbaycançı mərkəzlər erməni lobbisi ilə sıx əlaqədə işləyir. Onların birgə fəaliyyəti də Azərbaycanın milli maraqlarına zərbə vurur. Qarabağ probleminin həlli yoluna problemə çevrilir. Yayılan məlumatdan görülür ki, bu kitab həm "İctimai Palata"da və həm də "Ziyalılar Forumu"nda müzakirə olunub. Özünü Azərbaycan ziyalısı adlandıranlar buna etiraz etməyiblər, elə fəlakət də bundadır. Demokratik cəmiyyətdə müxalifət də olmalıdır. Çünki bu demokratik cəmiyyətin atributlarından biridir. Bu müxalifətçilik dövlətə və xalqa qarşı müxalaifətçi mövqe tutursa, xalqın millətin min illərdən bəri mənimsədiyi dəyərlərə qarşı çevrilirsə, artıq bu müxalifətçilik yox, düşmənçilikdir. Hesab edirəm ki, Eldar Namazovun da ölkədə siyasi proseslərə münasibəti müxalifətçilik yox, düşmənçilikdir. Çünki onun mövqeyi ilə hər hansı ermənin mövqeyi heç bir fərqi yoxdur. Ona görə də Azərbaycan cəmiyyəti bu ünsürləri qəbul etmir, rədd edir.

Şair Vüqar Əhməd:

- Əkrəm Naibov 80-ci illərdə yazmışdı ki, Bakıdakı qadınlar əxlaqsızdır. Öz həyat yoldaşı başqa millət olduğu üçün bu sözü deyirdi. Mən bu əsəri həm rus dilində, həm də əsərin Azərbaycan dilinə tərcümə edilmiş müəyyən hissələrini oxudum. Bu ümumilikdə türklərə qarşı yazılmış bir əsərdir. Mənə elə gəlir ki, bu əsər sifarişlidir. Onun kökü ermənidirsə ondan incimək lazım deyil. Nə də onu qəhrəmana çevirmək lazım deyil. Mənə bir faktı deyiblər ki, Əkrəm Naibov ermənidir. Bu əsərə heç bir halda haqq qazandırmaq mümkün deyil. Onda qalsın ki, bu əsəri müdafiə edənlərə. Əgər biz bunun erməni olduğunu qeyd ediriksə, o zaman erməninin "İctimai Palata"da nə işi var? Ölkədə yazıçı sərbəstliyi olmalıdır və bizim ölkəmizdə də bu sərbəstlik var. Amma söhbət milli məsələdən gedirsə sözsüz ki, xalqın iradəsi əsasdır. Bu əsərdə ermənilərin azərbaycanlılara qarşı illərdir soyqırım siyasətindən bəhs edilməyib. Mən "Qarabağ" romanını yazmışam, həmin romanda genosid məsələsini bir daha qabartmışam. Şəxsən mən ona xalqımızın düşməni kimi baxıram. Ə.Naibovu itirməklə ədəbiyyatımız heç nə itirmir. Bu əsəri müdafiə edənlər də yalnış yolun yolçularıdır.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Nə üçün "İctimai Palata" Əkrəm Əyrislinin romanı haqqında gec və ikibaşlı reaksiya verdi? Gec reaksiya verməyinin birinci səbəblərindən biri ondan ibarətdir ki, onlar həm ictimaiyyətin fikirlərinin necə olacağını gözlədilər və eyni zamanda beynəlxalq təşkilatların belə kitabların yazılmasında maraqlı olan erməni diasporu ilə əlaqədə olan qurumların reaksiyası idi. Əkrəm Əyrisli bu kitabı yazanda belə reaksiyaların olmasını planlaşdırmışdı və maraqlı qüvvələr bu kitabın ərsiyə gəlməsində maraqlı idi. Məhz bu səbəbdən də "İctimai Palata" həmin o reaksiyaları gözlədi, ictimai qınaqlar da kəskin olduğundan onlar məcbur olub əsəri tənqid etdilər. Azərbaycan xalqı kəskin reaksiya verməsəydi çox güman ki, "İctimai Palata" da bu məsələ ilə bağlı "Ziyalılar Forumu" kimi susqun qalacaqdı. Bəzi beynəlxalq təşkilatlar kimi mövqe ortaya qoyacaqdı. Göründüyü kimi proseslər onların istəklərinə uyğun getmədiyinə görə ikili bəyanat verməyi məqsədəuyğun saydılar. Həm ictimai qınaqdan qaçmaq üçün, həm də beynəlxalq təşkilatların erməni diasporunun maraqlarını təmin etməkdən ötrü.

"Ziyalılar Forumu" bu məsələni müzakirə etmişdi. Susqunluğunun birinci səbəbi ondan ibarət idi ki, bu foruma daxil olan Əkrəm Əyrislinin belə bir əsər yazması ilə təbii ki, nəticə etibarı ilə ictimai qınağı göz önünə almışdılar. Digər tərəfdən onların bu əsərin ortaya çıxmasında da maraqlı olmaları ehtimal edilə bilər, çünki Rüstəm İbrahimbəyovun verdiyi açıqlamanı xatırlasaq görərik ki, orada deyilirdi ki, "Ermənilər Bakıdan köçəndən sonra Bakının mühiti dəyişib. Yəni qaçqınlar gəlib Bakını əyalətə çeviriblər" bu fikirlər ictimaiyyət tərəfindən sərt qarşılanmışdı. Bu fikirlərin üst-üstə düşməsi bir daha göstərir ki, Ziyalılar Formundakı insanların mövqeləri oxşardı. Burada fikirlər prinsip etibarı ilən üst-üstə düşür. Hər iki qrupun dünyagörüşü, təfəkkürü eynidi, Azərbaycanın maraqlarına nə ziddisə onları etməyə çalışırlar. Bunlar Azərbaycana qarşı düşmən mövqedə dayanan, ölkəmizi təsir etmək istəyən qüvvələrin maraqlarına nə uyğundursa onun tərəfində dayanırlar. Bunlar üçün nə dövlətçilik anlayışı, nə də ki, millətin, xalqın maraqları, ərazi bütövlüyü məsələsi öndə gedən məsələ deyil. Bu insanlar üçün ancaq siyasi maraqlar öndə gedir.

Rusiyada Moskvada baş verən proseslərin içərisində olan Söyün Sadıqovun iştirakı ilə ermənilərlə keçirilən görüşlərin dolayısı ilə hamısı ermənilərin maraqlarına xidmət edir.

Babək Hacıyev,

İntizarə Məmmədova