Xocalı ilə bağlı petisiya populyarlığına görə ikincidir

14 Fevral 2013 18:10 (UTC+04:00)

"Ağ Evin saytında yerləşdirilən Xocalı soyqırımı ilə bağlı petisiya bir neçə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir. İlk növbədə, qlobal siyasətdə ən güclü qüvvələrdən biri sayılan ABŞ-ın rəsmi şəxslərinin diqqətini Azərbaycanda birinci Qarabağ savaşında baş vermiş müharibə cinayətlərinə, insanlığa, bəşəriyyətə, humanizmə qarşı törədilmiş cinayətlərə yönəldəcəyik. Onlar bu hadisələrlə bağlı öz fikirlərini bildirməyə məcbur olacaqlar". SİA-nın məlumatına görə, bu fikirləri Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov yap.org.az saytına açıqlamasında deyib.

R.Məmmədov bildirib ki, sonrakı mərhələdə Xocalı soyqırımının tam mənada dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi, bu faciəyə adekvat siyasi qiymətin verilməsi də gözləniləndir və önəmli addımlardan biridir. Onun sözlərinə görə, veriləcək bəyanat bu istiqamətdəki gələcək mübarizəmizə əlavə güc verəcək: "Bu arqumentlərdən istifadə edərək növbəti kampaniyalarda daha güclü, daha mövqeli və daha genişmiqyaslı kampaniyalar keçirmək iqtidarında olacağıq. Digər tərəfdən, sadəcə siyasi deyil, eyni zamanda ictimai nöqteyi-nəzərdən də bu petisiyanın qəbul olması çox böyük önəm daşıyır. Bilirsiniz ki, Ağ Evin səhifəsindəki bu bölümünə ildə 4 milyona yaxın internet istifadəçisi daxil olur. Onlar oradakı ümumi petisiyalarla maraqlanır, səs verir, bu və ya digər formada o səhifənin məlumatlarından faydalanırlar. Bizim başlatdığımız kampaniya nəticəsində bu gün Xocalı ilə bağlı petisiya Ağ Evin səhifəsində indiyə kimi səs toplamış ən populyar ikinci petisiyadır. Həmin səhifəyə nəzər salsanız, səhifənin yuxarı hissəsində petisiya yerləşdirilib. Bu onu göstərir ki, il ərzində 4 milyona yaxın insan bu səhifələrə daxil olanda bizim petisiya ilə tanış olacaq. Bu və ya digər yolla Xocalı faciəsinin nədən ibarət olduğunu, bu şəhərdə hansı hadisələrin baş verdiyini, kimlər tərəfindən nələrin törədildiyi barədə ilkin məlumat əldə edəcəklər. Dolayısı ilə biz Xocalı faciəsinin geniş ictimaiyyət arasında da təbliğinə nail olmuş olacağıq".