Prezident Küveyt Baş nazirinin müavinini qəbul edib

14 Fevral 2013 18:08 (UTC+04:00)

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Küveyt dövləti Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Küveyt Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı Azərbaycan ilə Küveyt arasında mövcud tərəfdaşlıq əlaqələrinin gələcək illərdə də uğurla inkişaf edəcəyini əminliklə qeyd edib.

Baş nazirin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarını və məktubunu dövlətimizin başçısına çatdırıb. Qonaq ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində Azərbaycan-Küveyt hökumətlərarası birgə komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib. O, Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən qonaq münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib. Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah ölkələrimizin özəl strukturları arasında da əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarına və məktubuna görə minnətdarlığını bildirib, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə çatdırmağı xahiş edib. Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb.

Görüşdə parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi bildirilib, birgə infrastruktur layihələrinin əhəmiyyəti qeyd olundu, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək vermələrinin önəmi vurğulanıb və bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.