Sahibkarlığa qayğı hamımızı sevindirir

14 Fevral 2013 17:51 (UTC+04:00)

Araz YAĞUBOV, "Yaşıl çay" k/f təsərrüfatının rəhbəri, Lənkəran rayonu, İstisu qəsəbəsi

Kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlər öz nəticəsini verir. Kənd təsərrüfatı 10 faizdən çox artmışdır. Əminəm ki, biz növbəti illərdə çalışıb bu dinamikanı saxlamalıyıq. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir və məşğulluğun təmin edilməsi üçün demək olar ki, əsas sahədir. Çünki əhalimizin təxminən yarısı bölgələrdə, yəni, kənd yerlərində yaşayır.

Azərbaycan Prezidenti İlham Əliyev

Ölkə başçısı mıhtərəm Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında respublikamızda sahibkarlığın inkişafı ilə bağlı söylədiyi müdrik fikirlər bir sahibkar kimi hədsiz sevincimə səbəb olmuşdur. Cənab İlham Əliyevin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramında əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi nəzərdə tutulub. Ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən faydalanaraq 2006-cı ildə Azərbaycan çayının yenidən bərpa olunması və daha da inkişaf etdirilmisi məqsədilə "Yaşıl çay" k/f təsərrüfatının yaratmışam. "Yaşıl çay" k/f təsərrüfatı 2011-ci ildə 11 ha, 2012-ci ildə 31 ha-da çay plantasiyası salıb. 2013-cü ildə isə daha 25 ha-da çay plantasiyası salmağı nəzərdə tutmuşuq. Bütün bunlar kənd yerində yeni iş yerlərinin açılması deməkdir.

İlk gündən çayçılıqla yanaşı, ölkəmizin ərzaq təminatında mühüm rol oynayan heyvandarlığı da inkişaf etdirməyə başlamışıq. Bu məqsədlə Neftçala rayonunda dövlət fond torpağından 15 il müddətinə icarə əsasında ərazi götürdük. Burada qoyunçuluq təsərrüfatını yaratdıq. Ötən müddətdə yüksək nəticələr əldə etmişik. Lənkəran rayonun İstisu qəsəbəsində yerləşən fermer təsərrüfatının ərazisini hazırda 120 ha çatdırmışıq. Çayçılıqla yanaşı, burada heyvandarlıq sahəsində də uğurlar əldə etmişik. İstisu qəsəbəsindəki heyvandarlıq fermasında iribuynuzlu heyvanların sayı 20 başdan 130 başa çatdırılıb. Bununla yanaşı, Hollandiyanın "Hereford" cəmiyyəti ilə bağladığımız müqavilə əsasında 33 baş "Hereford" cinsli inək gətirmək üçün öncədən 50 % pul vəsaiti də ödəmişik. Seleksiya olunandan sonra heyvanların cari ilin oktyabr ayında təsərrüfatımıza göndərilməsi planlaşdırılıb.

Bütün bunları dövlətimizin kənd təsərrüfatına diqqət və qayğısı sayəsində əldə etmək mümükün olub. Çayçiliq və heyvandarlıqla yanaşı, taxılçılıq, kartof, tərəvəz əkini ilə də məşğuluq. Belə ki, təsərrüfatımız 50 ha buğda, və 100 ha arpa əkini aparıb. Həmçinin bu il də kartof və tərəvəz əkməyi nəzərdə tutmuşuq.

Ölkə başçısının "Xaricdən ölkəyə gətirilən kənd təsərrüfatı texnikası, elit toxumları və gübrələrinin" rüsumlardan azad olunması barədə verdiyi sərəncam aqrar sahədə çalışan bütün sahibkarların ürəyincə olub. Buna görə öz adımdam və rəhbərlik etdiyim kollektiv adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Bu sərəncamdan faydalanaraq müxtəlif növ əkin üçün şəxsi vəsaitimiz hesabına Hollandiyadan traktorlar, qoşqular və digər texnikalar gətirmişik. Bu gün istər çayçılıq, istər heyvandarlıq, istərsə də taxılçılığın inkişaf etdirilməsində həmin mexanizmlərdən səmərəli surətdə istifadə edirik.

2012-ci ildə bütün sahələr üzrə uğurlu nəticələr qazanmışıq. Belə ki, ötən il 90 ton buğda, 160 ton arpa, 120 ton elit kartof, 180 ton bostan məhsulları, 5,4 ton quzu əti, 7,3 ton mal əti istehsal etmişik. Bununla təsərrüfatımız ölkənin ərzaq təminatına az da olsa, öz töhfəsini verib.

2012-ci ildə də heyvanların normal qidalanmasını daim diqqət mərkəzində saxlamışıq. Heyvanların qışda qidalı yemlə təmin etmək üçün qarğıdalı əkini keçirdik. Həmin sahələrdən 500 ton silos əldə edilmişdir. Həmçinin 175 ton quru ot tədarük olunub.

Sadaladığımız bütün göstəricilər cənab Prezidentin biz kənd əməkçilərinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində mümkün olmuşdur. Bütün bunlara baxmayaraq bəzi çətinliklərlə də üzləşirik. Əsas çətinliyimiz 41 hektarda əkdiyimiz çay plantasiyalarında müasir suvarma sisteminin qurulması və 1375 kvadratmetrlik tikintisi yarımçıq qalmış heyvandarlıq kompleksinin başa çatdırılması ilə bağlıdır. Bu işlərin başa çatdırılmasından ötrü hesablamalarımıza görə, 300 min manat güzəştli kreditə ehtiycımız vardır. Bu məqsədlə Kənd Təsərrüfatı Naziri cənab İsmət Abbasova müraciət etmişik. Nazirliyin rəsmi cavabında bizə müvəkkil banklara müraciət olunmağımız məsləhət bilinib. Müraciət etdiyimiz banklardan isə kreditlərin verilməsi üçün irəli sürülən şərtlər kənddə yaşayan fermerlərin imkanı xaricindədir. Belə ki, istədiyimiz 300 min manata qarşı bizdən 200 % girov tələb olunur ki, banklar kənddə yerləşən şəxsi mülkiyyətimizdə olan 120 hektar ərazini daşınmaz əmlak kimi qəbul etmirlər. Baxmayaraq ki, həmin ərazi Daşınmaz Əmlak Dövlət Reyester Xidmətində daşınmaz əmlak kimi qeydiyyata alınıb. Bankların bizdən tələb etdiyi girov isə ev və ya obyektlərdir ki, həmin məbləğdə kənd yerində ev və ya obyekt tapmaq qeyri-mümkündür.

Bir sıra təkliflərim var. Belə ki, aqrar sahədə çalışanların kredit götürməsini asanlaşdırmaqdan ötrü kənd yerində yaşayan fermerlərə öhdəsində olan torpağın mülk kimi girov qoyulmasına razılıq verilsin. Və yaxşı olardı ki, Sahibkarlığa Dəstək Milli Fondunun öz bankı olsun. Ölkədə mütəmadi olaraq kənd təsərrüfatı texnikaları, toxum, gübrə və digər bu kimi sərgilər təşkil olunsun. Aqrar sahədə çalışanlar, xüsusən də rayon yerlərində yaşayanlar tez-tez bu sərgilərə dəvət alsınlar.

Əlavə etmək istəyirəm ki, indiyə kimi bütün işləri öz daxili imkanlarımız hesabına həyata keçirmişik. Lakin yuxarıda qeyd etdiyimiz 2( iki) layihənin həyata keçirilməsi üçün 300(üçyüz) min manat vəsaitə kəskin ehtiyacı duyuruq.. Hazırda əsas vəzifəmiz ilk növbədə çay plantasiyalarında suvarma sisteminin qurulması və tikintisi yarımçıq qalmış müasir heyvandarlıq kompleksinin tikintintisinin başa çatdırılmasından ibarətdir. Bu iki problemin həlli hazırda təsərrüfatımız qarşısında duran başlıca məsələdir. Əks təqdirdə illərlə böyük zəhmət bahasına yararatdığımız "Yaşıl çay" k/f təsərrüfatı iflasa uğraya bilər.

Uzun illər ərzində xarici ölkələrdə əldə etdiyimiz gəliri gündən-günə çiçəklənən doğma Azərbaycanımızın dilbər guşəsi olan Lənkəranda çayçılığın, heyvandarlığın inkişafına sərf etmişik. Cənab İlham Əliyevin müdrik rəhbərliyi altında işimizi bundan sonra da davam etdirmək, inkişaf etdirmək, ölkənin ərzaq təminatına öz töhfəmizi vermək istəyirik. Biz Sizə inanırıq. Sizin ətrafınızda sıx birləşmişik, Cənab Prezident!