Genişzolaqlı internetimiz olacaq

14 Fevral 2013 16:12 (UTC+04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan Respublikası Dövlət Neft Fondunun, "Booz&Co" məsləhətçi şirkətinin və aidiyyəti rabitə birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə Bakı şəhərində, respublikanın digər bölgələrində və Naxçıvan Muxtar Respublikası ərazisində əhalinin genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə hazırlanmış layihənin müzakirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun SİA-ya verdiyi məlumata görə, layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinə və magistral şəbəkədə ATS-dən iki km-dən çox məsafədə yerləşən telefon şkaflarına fiber-optik kabel xətlərinin çəkilişi, kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, telefonlaşdırılmamış yaşayış massivlərinin, çoxmərtəbəli binaların, qismən telefonlaşdırılmış yaşayış məntəqələrinin ən yeni texnologiyalarının tətbiqi ilə telefonlaşdırılması, yeni ATS binalarının tikintisi, struktur və tarif islahatlarının həyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlər öz əksini tapıb.

Müzakirədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov layihə çərçivəsində əhalinin 2015-ci ilə qədər və sonrakı dövrdə Bakı şəhərində 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində 30 mb/s, qəsəbə və kənd yerlərində 10 mb/s və daha çox sürətli genişzolaqlı internetlə təmin ediləcəyini bildirib. O, layihənin effektiv həyata keçirilməsi və müəyyən edilmiş hədəflərə nail olunması üçün müvafiq islahatların aparılmasını zəruri sayıb.

Müzakirədə Dövlət Neft Fondunun icraçı direktorunun müavini İsrafil Məmmədov çıxış edərək layihənin həyata keçirilməsinin əhəmiyyətli olduğunu bildirib. "Booz&Co" məsləhətçi şirkətinin layihənin texniki, kommersiya, əməliyyat, tənzimləmə modelləri üzrə müzakirəyə təqdim etdiyi məlumat dinlənilib və iclas iştirakçılarının məlumata dair rəy və təkliflərinin nəzərə alınması vacib sayılıb. 2013-cü ildə layihənin birinci mərhələsinin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondu tərəfindən 103,6 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulduğu və yaxın günlərdə layihənin maliyyələşdirilməsinə və tədbirlərin icrasına başlanılacağı qeyd edilib. Layihənin elektron hökumət həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və İSP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması üzrə əhəmiyyəti rolu olduğu xüsusi vurğulanıb. Genişzolaqlı internet xidmətlərinin "Hər evə optika" prinsipi əsasında inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vacib sayılıb.