Dövlət Komitəsi Lənkəranda seminar-treninq keçirəcək

14 Fevral 2013 10:27 (UTC+04:00)

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə Respublikanın cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri (imam və axundlar), ilahiyyatçılar, həmçinin ictimayyətin fəalları üçün 15-16 fevral 2013-cü ildə Lənkəran şəhərində "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda seminar-treninq keçirəcək.

Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, seminar-treninqin əsas məqsədi dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılmasıdır. Həmçinin dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması seminarın prioritet istiqamətlərindəndir.

Qeyd edək ki, seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkilləri, Cənub rayonlarının icra strukturları, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, ölkə ictimayyəti və elmi dairələrin nümayəndələri iştirak edəcəklər.

Tədbirdə cənub bölgəsinin 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq dini icmasının nümayəndələrinin iştirakı və seminar çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Komitə Şimal-qərb bölgəsində, Oğuz rayonunda analoji tədbir keçirmişdi.