Prezident İlham Əliyevin sədrliyi ilə kecirilən müşavirə cəmiyyətdə böyük əks-səda doğurub
Məlum olduğu kimi, Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda Azərbaycan iqtisadiyyatı və ölkəmizin regionlarının 2003-2012-ci illərdə keçdiyi inkişaf yoluna nəzər salınmış, əldə olunan uğurlar eləcə də, prolemlər hərtərəfli qeyd olunmuşdur.
Müsahiblərimizlə söhbətimiz bu barədədir.
Millət vəkili Eldar İbrahimov:
- 2009-2013-cü illərdə "Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"nda bütün sahələrə toxunulmuşdur. Müşavirədə aqrar sahənin inkişafı və bu sahədə vəziyyətlə bağlı məsələlər müzakirə olundu. Prezident İlham Əliyev aqrar sahənin inkişaf etdirilməsi üçün öz tövsiyyə və tapşırıqlarını verdi. Məlumdur ki, aqrar sahənin inkişafı üçün 10 milyon manat vəsaitin ayrılması çox böyük diqqətin təzahürüdür. Çünki bu sahə inkişaf etməlidir ki, ölkəmiz gələcəkdə özünü bütün ərzaq məhsulları ilə təmin etsin. Bu baxımdan, bu sahəyə hər zaman diqqət və qayğı göstərilib. Qeyd edim ki, bu müşavirədə bir sıra ictimai sosial məsələlərə də toxunuldu. Belə ki, vəzifədə işləyən məmurların və onların ailə üzvlərinin özbaşınalığı, harınladığı haqda fikir səsləndirildi. Qeyd olundu ki, heç kəsin özünü belə aparmağa ixtiyarı yoxdur. Müşavirədə ölkə başçısı İlham Əliyevin toxunduğu bu kimi digər məsələləri də çox böyük və yüksək qiymətləndirirəm.
Millət vəkili Musa Quliyev:
- Müşavirədə ölkə başçısı İlham Əliyev söylədiyi proqram xarakterli tövsiyyələrini, tapşırıqlarını və xəbərdarlıqlarnı yüksək qiymətləndirirəm. Bu həm Azərbaycanın sosial-iqtisadi həyatının yeni mərhələsinin başlanmasına, həm də ki, Azərbaycanda ictimai-siyasi, sosial münasibətlərin xüsusilə də, vətəndaşla məmur arasındakı münasibətlərin və mənəvi dəyərlərin qorunub saxlanılması yüksədilməsi sahəsində işlərin yeni bir proqramı deməkdir. Ölkə başçısının nitqində və verilən hesabatlarda aydın şəkildə göstərildi ki, bu proqram çox aydın bir şəkildə həyata keçirilib. Bu proqram bütövlükdə Azərbaycanın son on illikdəki, həyatının inkişafının ümumi mənzərəsini əks etdirən sənəd kimi əhəmiyyətllidir. Əgər 2004-cü ilin fevral ayında ilk dəfə Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqram qəbul olunanda bir çox insanlar idarəçilik sistemində bu yeni modelin nə qədər uğurlu olacağı haqqında fikirləşirdilər. Çünki bu proqramda qarşıya qoyulan məqsədlər o dövr üçün əlçatmaz və çətin görünürdü. Məsələn, Azərbaycanın bu qısa müddət ərzində yol infrastrukturunun yenidən qurulması, bütün regionlarda enerji sisteminin qurulması və enerji təminatının tam həyata keçirilməsi, regionlarda istehsal emal və turizm müəsisələrinin açılması və işləməsi o dövrdə qeyri-real, gücümüzün çatmayacağı bir iş kimi görünürdü. Amma illər göstərdi ki, cənab Prezidentin təsdiqlədiyi Dövlət Proqramında icrası qeyri-real olan bir iş yoxdur. Burada böyük məqsəd, böyük amal və niyyət var. Lakin bu məqsədlərə çatmaq üçün potensialımızı ortaya qoyaraq həyata keçirmək mümkündür. Belə ki, bu proqram nəticəsində bütövlükdə Respublikamızın siması dəyişdi. Bu gün isə Azərbaycan artıq inkişaf etmiş bir dövlətdir. Ölkəmiz son beş ildən tamamilə simasını dəyişərək fərqli bir görünüşə və güclü iqtisadiyyata malikdir. Bunu isə hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Regionlarının sosial-iqtisadi inkişafı artıq Azərbaycan vətəndaşının sosial həyatına və şəxsi həyatına təsir etməkdədir. Bu proqram təkcə yeniləşmək abadlaşmaq, yolların çəkilməsi proqramı deyil, bu proqram bütövlükdə Azərbaycan həyatının yeni günün tələbləri səviyyəsində qurulması proqramıdır. Artıq regionlarda iş yerlərinin olması məsələsi problem deyil, hətta başqa ölkələrdən Azərbaycana işçi miqrantlar gəlirlər. Bu isə o deməkdir ki, Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Bir sözlə ölkəmizdə məşğulluq təmin olunur. Orta aylıq əmək haqqı və pensiyalar isə digər MDB ölkələri ilə müqayisədə ölkəmizdə daha yüksəkdir. Qeyd edim ki, dövlət büdcəmiz son on ildə 25 dəfə artıb. Azərbaycanın maliyyə imkanları ümumidaxili məhsulunun 60%dən çoxunu valyuta ehtiyatları tutursa, bu bir çox ölkələrin qibtə edəcəyi bir rəqəmdir. Ölkəmizin təhsil, səhiyyə və mədəniyyət sistemində bütövlükdə gedən yenidənqurma və inkişaf regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi nəticəsində baş vermişdir. Regionların sosial iqtisadi inkiaşfına dair Dövlət Proqramının iki dövrü arxada qalır. Artıq yeni proqram həyata keçiriləcəkdir. Bu yeni Proqram yeni Azərbaycan insanının formalaşması, yeni sosial dəyərlərinin artırılması deməkdir. Azərbaycan 2023-cü ilə qədər dünyanın ən inkişaf etmiş dövlətinə çevriləcəkdir.
Millət vəkili Musa Qasımlı:
- Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən regionların sosial-iqtisadi inkşafına dair ikinci Dövlət Proqramının 4-cü ilinin başa çatması ilə əlaqədar müşavirədə cənab Prezidentin nitqini diqqətlə dinlədim. Bu nitq prinsipial əhəmiyyət daşıyır. Hər şeydən əvvəl ölkə həyatında edilənlər, qarşıda duran konkret hədəflər aydın şəkildə göstərilir. Burada bəzi məmurların və övladlarının hərəkətləri ilə bağlı dediklərini təmamilə bəyənirəm. Məmur özünü sadə, təvazökar, xalqa yaxın aparmalıdır, hakimiyyətin nüfuzuna xələl gətirməməlidir. Çox təəssüf hissi ilə qeyd etmək istərdim ki, bizdə bəzi məmurlar özlərini "xırda padşahlar" kimi aparırlar, qapıları daim bağlı olur, adamlarla ünsüyətdən qaçırlar. Cənab Prezident müşavirədə belələrinə çox ciddi xəbərdarlıq etdi. Ümumiyyətlə, mən güclü dövlətin, güclü hakimiyyətin tərəfdarı olan bir şəxsəm. Dövlət güclü olmasa, hakimiyyət güclü olmasa vətəndaş rahat, təhlükəsiz şəkildə yaşaya bilməz. Yalnız güclü dövlət insanların rifahını təmin edə bilər. Bu baxımdan mən hesab edirəm ki, Cənab prezidentin nitqi ciddi xəbərdarlıq idi. Məmurlar bundan özləri üçün bir nəticə çıxarmalıdırlar.
Millət vəkili Tahir Rzayev
- Cənab Prezidentin keçirdiyi müşavirə ələmatdar bir hadisə oldu. Bu müşavirədə ölkədə sosial-iqtisadi inkşafın sürətləndirilməsi, bu sahədə qazanılan uğurlara və eləcə də Azərbaycanın beynəlxalq aləmdə qazandığı nailiyyətlərə geniş yer verildi. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən inkşaf edən ölkələrindən biridir. Bunu bir çox beynəlxalq maliyyə qurumları da təsdiq edir, bir çox xarici ölkələrin siyasətçiləri də, dövlət rəhbərləri də Azərbaycanda gedən sosial-iqtisadi inkşafı yüksək qiymətləndirirlər. Bu faktlarda öz əksini tapır. Azərbaycanın iqtisadi artım sürəti, istər iqtisadiyyatın göstəriciləri, istər əhalinin sosial rifah halının yüksəldilməsi, istərsə də regionların sürətlə inkşaf etməsi iqtisadi nəticələrin bir yekunudur. İqtisadi göstəricilər olmadan belə tərəqqi əldə etmək mümkün deyil. Ölkədə nəinki neft sektorunda eləcə də, bütün sahələrdə sürətli inkşaf gedir. Əgər on il bundan əvvəl desəydilər ki, Azərbaycanın peyki orbitə buraxılacaq buna heç kim inanmazdı. Ancaq bunlar hamısı həqiqətlərdir, hər kəsin gözü önündə gedən məsələlərdir. Müşavirədə bir çox məmurlara, eləcə də icra orqanlarına ciddi xəbərdarlıq edildi. Cənab Prezident qeyd etdi ki, "Bizim vəzifəmiz ölkənin tərəqqisinə, iqtisadiyyatın inkşafına xidmət göstərməkdir. Əgər ölkədə hüquqi dövlət yaradırıqsa hüquqdan kənar heç kim heç nə edə bilməz. Hər bir kəs qanuna tabe olmalıdır". Mən bir vətəndaş kimi, bir millət vəkili kimi bu çıxışdan özümə ciddi nəticələr çıxardıram. Hesab edirəm ki, bundan sonra nəinki məmurlar, dövlət aparatının işçiləri, eləcə də hər bir vətəndaş nəticə çıxarmalıdır.
Ruqiyyə Cəfərova,
İntizarə Məmmədova