Arkanzas ştatında Azərbaycan bayrağı ucaldılıb FOTO

13 Fevral 2013 19:36 (UTC+04:00)

Arkanzas Senatı və Nümayəndələr Palatasının Xocalı soyqırımı ilə bağlı qətnamələrinin surəti Azərbaycan nümayəndələrinə təqdim olunub

ABŞ-ın Arkanzas ştatının paytaxtı Litl Rok şəhərində ştatın qubernatorunun sarayında Türkiyə-Arkanzas-Azərbaycan dostluq ziyafəti təşkil olunub.

SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, bu tədbirdə iştirak etmiş Türkiyə və Azərbaycan nümayəndələrindən ibarət heyət elə həmin gün Arkanzas ştatının dövlət katibi Mark Martin, qubernatorun müavini Mark Dar və Nümayəndələr Palatasının sədri Dəvi Karter ilə görüşüb.

Görüşlərdə qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan nümayəndələri Arkanzas rəsmilərinə ştatın Nümayəndələr Palatasının fevralın 8-də, Senatın isə fevralın 11-də Azərbaycan ilə Arkanzas arasında dostluq münasibətlərinə və Xocalı soyqırımına dair qətnamələrin qəbuluna görə təşəkkürlərini bildiriblər. Həmin gün Arkanzas Dövlət Kapitol binasının qarşısında Azərbaycan və Türkiyə bayraqları dalğalanıb.

Ziyafətdə iştirak etmiş Arkanzas ştatının qubernatoru Mayk Bibi də Azərbaycan və Türkiyə nümayəndə heyətinin üzvləri ilə görüşüb. Qubernator ABŞ-ın müttəfiqləri olan hər iki ölkə ilə münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib.

Türkiyə nümayəndə heyəti tərəfindən ziyafətdə çıxış etmiş deputat Mehmet Öntürk qeyd edib ki, Türkiyə, eləcə də Azərbaycan ilə ABŞ arasında çoxşaxəli münasibətlərin tarixi kökləri vardır. Bu gün bu əlaqələr çox sürətlə inkişaf edir.

Azərbaycan nümayəndə heyəti tərəfindən çıxış etmiş ölkəmizin ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov Azərbaycan-ABŞ diplomatik münasibətlərin qurulmasından bəri ötən dövr ərzində qət olunmuş yola nəzər salaraq təhlükəsizlik, enerji və iqtisadiyyat sahələri ilə yanaşı, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

İştirakçılara, həmçinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının 20 ildən artıq davam etdiyi və bunun ağır nəticələri barədə məlumat verilib.

Sonra Arkanzas Senat və Nümayəndələr Palatasında Xocalı soyqırımı ilə bağlı qətnamələrinin qəbulu təşəbbüsü ilə çıxış etmiş senator Brayn Kinq, Nümayəndələr Palatasının üzvləri Conatan Barnet və Kerin Hoper bu sənədlərin rəmzi surətlərini F.İsmayılova təqdim ediblər.

Arkanzas Nümayəndələr Palatasının üzvü C.Barnet bir daha Azərbaycana və Türkiyəyə səmimi dostluğunu ifadə edib.

Arkanzasın rəsmiləri ilə yanaşı ziyafətdə ictimaiyyətin nümayəndələri, ştatda yaşayan türk və Azərbaycan icmasının fəalları da iştirak ediblər.