“Bu, Əkrəm Əylislinin Azərbaycan xalqını aşağılayan ilk yazısı deyil"

13 Fevral 2013 15:28 (UTC+04:00)

"Dünya ədəbiyyatı tarixində elə bir şair, yazıçı şəxsə rast gəlinməyib ki, öz xalqını son həddə qədər aşağılasın və təhqir etsin. Əkrəm Əylislinin yazdığı əsər yeni yox, köhnənin xəyanətidir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov komitənin bugünkü iclasında deyib.

"Bu Əkrəm Əylislinin Azərbaycan xalqını aşağılayan ilk yazısı deyil. O 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində də yazdığı yazıda azərbaycanlıları aşağılamağa, erməniləri isə yuxarı tutmağa çalışırdı. Hətta o zamanlar SSRİ dövründə "Drujba narodov" jurnalının baş redaktoruna yazdığı müraciətdə bildirirdi ki, mən yaxşı örnəkləri öz millətimdə tapmadığım üçün başqa millətlərdən götürmüşəm".

Əkrəm Əylislini hər zaman istedadlı insan hesab etdiyini deyən komitə sərdi bildirib ki, istedadlı insanın öz xalqına vurduğu ziyan daha təsirli olur.

Deputat Leyla Abdullayeva bildirib ki, Əkrəm Əylislinin əsərləri orta məktəb dərsliklərindən çıxarılmalıdır.

Millət vəkili Sahibə Qafarova "Daş yuxular"ı bədii cəhətdən çox zəif əsər kimi qiymətləndirib: "Bu əsərdə nə tarixi, nə də bədii həqiqət yoxdur".

Deputat Jalə Əliyeva isə Əkrəm Əylislini müdafiə edənləri tənqid edib: "Mən o insanları ağlını başına yığmağa çağırıram. Bu xına, o xınadan deyil".