AGTT bu ilin ilk beynəlxalq festivalında iştirak edəcək

13 Fevral 2013 14:50 (UTC+04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının kollektivi bu ilin ilk beynəlxalq festivalında iştirak edəcək. Teatrdan SİA-ya verilən məlumata görə, ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında teatrın yaradıcı heyəti P.Züskindin "Kontrabas" tamaşaçı ilə çıxış edəcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, əməkdar artist Mübariz Həmidovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 27-dən aprelın 4-ə kimi davam edəcək festivalda iştirak edəcək. Festival çərçivəsində keçiriləcək beynəlxalq konfransda teatrın direktoru Mübariz Həmidovun "Azərbaycan Teatrı – 140" mövzusunda çıxışı nəzərdə tutulub.

Tamaşada əməkdar artist, "Qızıl Dərviş" mükafatı laureatı, prezident mükafatçısı Şövqi Hüseynov çıxış edəcək.

Qeyd edək ki, "Kontrabas" tamaşası İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən Beynəlxalq Teatr festivallarında yüksək mükafatlara layiq görülüb.