Bir sıra dəyişikliklər olacaq

12 Fevral 2013 12:34 (UTC+04:00)

"Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında Əsasnamə"yə dəyişikliklər olunacaq". SİA-nın məlumatına görə, bunu Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, respublikanın bir sıra şəhər və rayonlarında yeni inzibati ərazi dairələrinin yaradılması Əsasnaməyə dəyişiklər edilməsini vacib edir: "Qanuna əsasən, yaradılan bütün yeni inzibati ərazi dairələri Ərazi vahidlərinin Dövlət Reyestrinə daxil edilməlidir. Təklif olunan məsələ nəzərdə tutur ki, yaradılan sahə inzibati ərazi dairələri Ərazi vahidlərinin Dövlət Reyestrinə daxil edilməli və onlara müvafiq şəhadətnamələr verilməlidir. Bununla yanaşı, yeni inzibati ərazilərin yaradılması haqqında qanunvericiliyin qüvvəyə minməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə də müəyyən dəyişiklər nəzərdə tutulur. Dəyişikliyə əsasən, ərazi vahidlərinin adlarının və sahələrinin özbaşına dəyişməyə görə inzibati cəza nəzərdə tutulur. Bu qanunvericiliyi pozan fiziki şəxs 10-15 manat, vəzifəli şəxslər 35-55, hüquqi şəxslər 100-130 manat həcmində cərimə olunacaq".