Qar yağacaq

11 Fevral 2013 21:44 (UTC+04:00)

Sabah Azərbaycanın bəzi ərazilərində sulu qar və qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, fevralın 12-də Bakı və Abşeron yarımadasında axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 12-də yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 8-13, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.