Bəyanat verərkən məsuliyyəti dərk etmək lazımdır

11 Fevral 2013 17:47 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pessimist bəyanatlar verməməlidir. Bu fikirləri SİA-ya açıqlamsında politoloq Elman Nəsirli Rusiya Dövlət Dumasının spikeri Sergey Narişkinin "yaxın gələcəkdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı bir irəliləyişə nail olmaq mümkün olmayacaq" bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ilin yeni başlamasına baxmayaraq həmsədr ölkələrdən olan Rusiya tərəfi Dövlət Dumasının rəhbərliyi səviyyəsində münaqişənin həlli şübhə altına alan bəyanatla çıxış edir: "Sergey Narişkinin bəyanatı Rusiyanın həmsədr ölkə kimi üzərinə götürdüyü öhdəliklərə daban-dabana ziddir. Rusiya rəhbərliyində təmsil olunan şəxslər mövqe bildirərkən məsuliyyətli davranmalıdırlar. Bütün bunlara görə də, Azərbaycan ictimaiyyətində həmsədrlərə qarşı etimadsızlıq mühiti formalaşıb".