Qlobal geosiyasi mühitdə müşahidə edilən dəyişikliklərin müxtəlif regionlara təsiri hiss olunur. Böyük dövlətlərin öz maraqları uğrunda mübarizəsinin kəskinləşməsi ilə yeni təhlükələr meydana çıxır. Bu prosesin fonunda Qafqazın gələcək taleyi aktuallıq kəsb edir.
Yeni təhlükəli trendlər
Qafqaz tarixən təlatümlü olub. Son illər bu regiona böyük dövlətlərin diqqətinin daha da artması yeni geosiyasi trendlərin formalaşması ilə müşayiət olunur. Cənubi Qafqaz uğrunda mübarizənin faktiki olaraq növbəti mərhələyə qədəm qoyduğunu demək olar. Düşündürücüsü odur ki, bu proseslərin fonunda bölgənin ümumi geosiyasi mənzərəsində qeyri-müəyyənlik yaradan faktorların artdığını görmək mümkündür.
Həmin məqamlar əsasən Ermənistan və Gürcüstanla bağlı baş verən proseslərdən qaynaqlanır. Regionun ən güclü və nüfuzlu dövləti olan Azərbaycan isə dayanıqlı və ardıcıl xarici siyasət yeritməklə geosiyasi mənzərəyə pozitiv impulslar verməkdə davam edir. Bu, bölgənin ümumi təhlükəsizliyinin təmini, enerji layihələrinin reallaşdırılması, regional inteqrasiyanın həyata keçirilməsi, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi kimi əhəmiyyətli sahələrdə özünü göstərir.
Bakı həmin istiqamətlər üzrə regional və qlobal şəraiti uyğunlaşdıra bilən siyasət yeritməkdə davam edir. 2013-cü ilin başlaması ilə Azərbaycanın bölgədə oynadığı pozitiv rol özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan geosiyasi mənzərəyə qeyri-müəyyənlik gətirə biləcək addım atmır.
Lakin Bakının Cənubi Qafqazın geosiyasi dinamikasına verdiyi bu pozitiv impuls, regionda tarazlığı uzun müddət qorumağa yetməyə bilər. Çünki bəzi böyük dövlətlərin Tbilisi və İrəvan uğrunda mübarizəsi daha təhlükəli bir səviyyəyə qalxmaqdadır. Müşahidələr göstərir ki, bu tendensiya son vaxtlar daha da kəskinləşir və bütövlükdə regionda geosiyasi vəziyyətə təsir edə biləcək trendə çevrilir.
Ermənistanla əlaqəli gedən proseslərdə həmin təhlükəni daha çox hiss etmək olur. Hətta bu ölkənin "Lragir" nəşri yaranmış vəziyyəti "Ermənistan üçün təhlükəli yelləncəklər" kimi xarakterizə edir (daha ətraflı bax: Акоп Бадалян. Опасные качели для Армении. www.lragir.am, 18 yanvar 2013).
Qəzet fakt kimi İrəvanın nüvə qaçaqmalçılığına rəvac verməsini göstərir. Son zamanlar Amerika bu məsələ ilə bağlı müəyyən xəbərdarlıqlar edib. Hətta erməni dövlətinə kömək əlini uzadıb. Lakin hələlik elə bir dəyişiklik görünmür. Digər tərəfdən, Vaşinqtonun bu addımına Rusiya qısqanc reaksiya verib və öz təkliflərini irəli sürüb.
Moskva Ermənistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi qərara alıb. Ermənistan mətbuatının yazdığına görə, artıq S-400 raketdənmüdafiə sistemi İrəvana verilib, indi onun sənədləşməsi prosesi gedir. Rusiya yeni müqavilə imzalamağı tələb edir. Ermənilər isə bunun arxasında nələrin durduğunu bilmirlər. Bu səbəbdən, Kremlin təkliflərinin Ermənistanın geosiyasi mövqeyində qeyri-müəyyənlik yaratdığından danışırlar. Çünki bütün bunları ermənilər ümumi səviyyədə Qərblə Rusiyanın İrəvan uğrunda kəskin mübarizəyə başlaması əlaməti olaraq qəbul edirlər.
Əslində, bu cür ziddiyyətli vəziyyətin yaranmasında rəsmi İrəvanın yeritdiyi siyasətin ciddi rolu var. Ölkə rəhbərliyi cəmi bir neçə ay əvvəl ABŞ-la hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı saziş imzalayıb. Lakin Ermənistan həm də Rusiya ilə həmin sahələr üzrə geniş əməkdaşlıq edir. Bəzi ekspertlər hesab edirlər ki, hələlik İrəvan iki böyük dövlətin arasında manevr edə bilir. Buna inanmaq çətindir.
Əvvəla, Vaşinqton və Moskvanın siyasi təcrübəsi ilə Ermənistanın malik olduğu resursları müqayisə belə etmək olmaz. İkincisi, ABŞ və Rusiya əsas olaraq öz maraqlarını güdürlər və istənilən vaxt İrəvanı tapdalayacaqlar. Bunun qarşısını Ermənistan ala bilməyəcək. Ona görə də, ermənilərin hazırkı vəziyyəti buz üstündə təcrübəsiz uşağın tarazlığı saxlamağa çalışmasına bənzəyir. Bir azdan "yaz gələcək" və "buzlar əriyəcək". Onda Ermənistanı suyun dibinə düşməkdən heç kimsə xilas edə bilməyəcək.
Zahirən qəribə görünsə də, Gürcüstan daha mürəkkəb geosiyasi vəziyyətdədir. Yeni baş nazir Bidzina İvanişvili ölkənin xarici siyasət kursunda kəskin dəyişikliklər etməyə başlayıb. İndi Gürcüstanda hakimiyyət böhranı yaşanır – prezidentlə hökumətin mövqeyində ciddi fərqlər var. B.İvanişvilinin Azərbaycan və Ermənistana səfəri zamanı verdiyi bəyanatların ziddiyyət təşkil etməsi ümumilikdə region üçün təhlükələrin meydana çıxa biləcəyinin siqnallarından ola bilər.
Gürcüstan baş nazirin İrəvanda olarkən qondarma "erməni soyqırımı" ilə bağlı dolaşıq fikirlər bildirməsinə Ankara laqeyd qalmayacaq. Bundan əlavə, B.İvanişvili ölkədən türk biznesini sıxışdırmaq kursunu götürüb. "GeorgiaTimes" elektron nəşrinin yazdığına görə, Tbilisi hava limanını idarə edən TAV (Türkiyə) şirkəti ilə müqaviləni hökumət pozmaq niyyətindədir (bax: Иванишвили убирает турецких конкурентов. www.georgiatimes.info, 22 yanvar 2012). Ekspertlər rəsmi Tbilisinin bu addımlarını Rusiyaya reverans kimi qiymətləndirirlər. Belə kursun götürülməsi isə regionda geosiyasi riskləri artırır.
Yeni hökumət Cənubi Qafqazda artıq formalaşmaqda olan nəqliyyat-kommunikasiya infrastrukturunda da hiss ediləcək dəyişiklik etmək planını gizlətmir. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ilə bağlı B.İvanişvilinin verdiyi bəyanatları xatırlamaq olar. Bundan başqa, baş nazir İrəvanda Abxaziya ilə dəmiryolunu aça biləcəyi haqqında fikir söyləyib. Ekspertlər bunu bölgədə geosiyasi qüvvələr nisbətini ciddi şəkildə dəyişə bilən amil kimi qiymətləndirirlər. Udan tərəf Rusiya, İran və Ermənistan olur. Qərbin B.İvanişvilinin həmin addımına sərt reaksiya verəcəyi gözlənilmir.
Səbəb ondan ibarətdir ki, ABŞ Rusiyaya bir sıra geosiyasi məsələlərdə güzəştə getməklə onun qısqanclığını azaltmağa çalışır. Belə görünür ki, M.Saakaşvilinin hakimiyyətdən sıxışdırlıması sifarişi də okeanın o tayından verilib. Obrazlı desək, Saakaşviliyə göndərilən mesaj belədir - "xidmətlərinə görə sağ ol, ancaq Amerika hər şeydən dəyərlidir".
Bütün bu məqamlar regionda geosiyasi qeyri-müəyyənliyi artırır. Tbilisi və İrəvanın tam olaraq ABŞ və Rusiyanın "əlinə oynaması" bölgəni mürəkkəb vəziyyətə sürükləyir. Bu durumda proseslərin hansı istiqamətdə gedə biləcəyi məsələsi aktuallaşır.
Cənubi Qafqaz üçün çətin sınaq
Qərbin Rusiyanı qıcıqlandırmaq istəməməsini başa düşmək olar. Moskva çıxılmaz vəziyyətdə hərbi güc tətbiq etməkdən çəkinməyəcək. Ermənistan onun üçün Qafqazda ölüm-qalım məsələsidir. Gürcüstanda hakimiyyətin dəyişməsi ilə Kreml yeni təsir imkanlarına sahib olduğunu düşünür. Bu iki məqamdan istifadə edərək, Rusiya regionda geosiyasi nüfuzunu daha da artırmağa çalışacaq. "Stratfor" analitik mərkəzinin 2013-cü ildə postsovet məkanı üçün verdiyi proqnozlarda həmin məqam açıq göstərilib (bax: 2012's Forecasting Report Card. An evaluation and assessment of Stratfor's 2012 forecast and concise predictions for 2013. Stratfor, 7 yanvar 2013).
Qərbin Moskva ilə bu riskli oyunu uzun sürməyə bilər. Çünki regionun deyil, böyük dövlətlərin maraqları üzərində qurulan və əsasən əsəb gərginliyi yaradan oyun qaydaları həmişə keçici olur. Digər tərəfdən, Cənubi Qafqazda süni gərginlik yaratmağa istiqamətlənmiş informasiyaların yayıldığı müşahidə edilir. İranın "Tehrooz" nəşri iddia edir ki, Azərbaycanla Türkiyə Tehrana qarşı yeni planlar hazırlayırlar (bax: Марьям Салари. Новые выпады Баку и Анкары против Ирана. www.inosmi.ru, 22 yanvar 2013).
Təbii ki, İranın siyasətindən narahat olan ölkələr hamıya məlumdur. Bu dövlətə qarşı sanksiyalar tətbiq edənlər, onun nüvə proqramını qəbul etməyənlər bilinir. Lakin bəzi dairələr məsələyə Azərbaycanla Türkiyəni qatırlar. Əslində, bunun səbəbi aydındır. Regionda müsəlman ölkələr arasında münaqişə yaradıb, onları zəiflətmək məqsədi güdülür. Ancaq təəssüfedici odur ki, İrandakı bəzi dairələr bunu dərk etmək istəmirlər. Ermənistanı yaxın dost sayır, öz dindaşlarına qarşı isə qeyri-konstruktiv mövqe tuturlar.
Şübhə yoxdur ki, bunlar regionda geosiyasi gərginliyi artırmağa xidmət edən addımlardır. Məsələnin başqa mühüm tərəfi Ermənistanın silahlandırılması ilə əlaqəlidir. Mediada Rusiyanın İrəvana növbəti dəfə müasir silahlar satdığı haqqında məlumat gedib. Paralel olaraq, Moskva Ermənistandakı 102-ci hərbi bazasını gücləndirir. Oradakı əsgərlərin sayını artırır, yeni hərbi texnika göndərir. Azərbaycan cavab addımlar atmağa məcburdur. Bu baxımdan Bakının Türkiyədən uzaqmənzilli raket sistemi alması təbiidir.
Ancaq Azərbaycanın bu istiqamətdə fəaliyyətini bir sıra dairələr regionda gərginliyi artıran addım kimi qələmə verməyə çalışırlar. Burada əsas məqsəd Cənubi Qafqazda vəziyyəti daha da mürəkkəbləşdirməkdən ibarətdir.
Beləliklə, Cənubi Qafqaz üçün daha çətin sınaq mərhələsinin başladığını demək olar. Ermənistan dövlət kimi müstəqil siyasət yeritmək iqtidarında olmadığından, ondan kənar qüvvələr maksimum dərəcədə istifadə edəcəklər. Erməni ekspertlər bu məqamı xüsusi vurğulayır və hakimiyyəti ciddi islahatlar həyata keçirməyə çağırırlar. "Lragir" nəşri bununla bağlı həyəcan təbili çalır. Rusiya və Qərbin əsəbləri ilə oynamağın çox təhlükəli olduğunu vurğulayır. Lakin Ermənistan iqtidarının müasir dövlət qurmaq kursunun olmadığı tam məlumdur. Ona görə də, İrəvandan hər hansı pozitiv addım gözləmək əbəsdir.
Gürcüstan daha təhlükəli oyunlara başlayıb. Bu ölkədə siyasi proseslərin hansı istiqamətdə gedəcəyi haqqında proqnoz vermək çətindir. Əsas məqam ondan ibarətdir ki, Tbilisi regionda geosiyasi qeyri-müəyyənlik alovunun üzərinə yanacaq tökür. Bunun sifarişçisinin kim olması indiki məqamda elə də əhəmiyyətli deyil. Düşündürücü odur ki, Gürcüstan cəmiyyət olaraq kənar təsirlər qarşısında təslim olmaqdadır. Bölgə üçün bu vəziyyət bir çox təhlükələr yaradır.
Bu proseslərin fonunda Azərbaycanın regionda oynadığı sabitləşdirici rol daha aydın görünür. Şübhə etmirik ki, 2013-cü ildə bu, Cənubi Qafqazın başlıca pozitiv trendi olacaq. Mübaliğəsiz deyə bilərik ki, bölgənin taleyi Bakının yeridəcəyi siyasətdən xeyli dərəcədə asılıdır. 2013-cü il bu baxımdan dönüş nöqtəsi ola bilər.
Newtimes.az