Azərbaycanın ilk milli kommunikasiya peykinin orbitə buraxılmasına həsr olunan yeni mahnı yazılıb. Bu barədə SİA-ya Azərbaycan Televiziyası və Radiosu Musiqi Kollektivlərinin bədii rəhbəri Ramil Qasımov məlumat verib. O bildirib ki, Azərbaycan xalqının və dövlətinin hər bir sahədəki uğuru Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin də kollektivini sevindirir: "Bu günlərdə Azərbaycanın ilk milli kommunikasiya peykinin orbitə buraxılması xəbəri də bizim böyük sevicimizə səbəb olub. Bu gün respublika televiziyası vasitəsilə yayımlanacaq "Milli Peykimiz" kompozisiyası da bu fərəhin, ölkəmizin salnaməsinə yazılmış yeni tarixi hadisənin yaratdığı böyük əhval-ruhiyyənin təcəssümüdür".
"Şəxsən fəxr edirəm ki, ilk milli peykimizin orbitə buraxılmasına həsr olunmuş bu musiqi kompozisiyasının solistiyəm. Doğrusu, "İlk milli peykimiz çıxdı orbitə, sevin Odlar yurdu Azərbaycanım!..." misralarını ifa edəndə sevincim yerə-göyə sığmır",- deyə R. Qasımov əlavə edib.
Məlumat üçün bildirək ki, kompozisiyanın sözlərini, silsilə vətənpərvərlik mahnı və marşlarının müəllifi, əməkdar incəsənət xadimi Abdulla Qurbani, musiqisini isə SSRİ xalq artisti, professor Arif Məlikovun yetirməsi, bəstəkar Nərminə Nağıyeva yazıb.
Əməkdar incəsənət xadimi Etibar Kamaloğlunun rejissorluğu ilə reallaşan layihədə televiziyanın C. Cahangirov adına xoru, Əfsər Cavanşirov adına uşaq xoru və digər musiqi kollektivlərinin üzvləri iştirak edirlər. Bu layihədə səs rejissoru Faiq Babayev də iştirak edib.