"İctimai Palata müxalifətin birləşməsində son variant deyil"

11 Fevral 2013 14:14 (UTC+04:00)

İctimai Palata müxalifətin birləşməsində son model deyil. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Liberal Partiyasının sədri (ALP) Əvəz Temirxan İsa Qəmbərin çıxışına münasibət bildirərkən deyib. Partiya sədri deyib ki, "İctimai Palata müxalifətin əhəmiyyətli bir hissəsini özündə birləşdirir: "Bununla İctimai Palata müxalifətin birləşməsində son variant deyil. Bunu tarix də, zaman da göstərdi. İP-dən başqa Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) fəaliyyət göstərir. Yəni Məşvərət Məclisi İP-dən heç də zəif deyil. Amma biz çalışırıq ki, İctimai Palata, Məşvərət Məclisi, "Qarabağ" bloku, həmçinin ReAl Hərəkatı və bloklarda olmayan partiyalardan ibarət müxalifət birliyinin modeli yaradılsın".

Ə.Temirxan qeyd edib ki, funksional əməkdaşlığın faydası böyükdür: "Biz funksional əməkdaşlığı müxalifətin birliyinə doğru atılmış addım kimi qiymətləndiririk. Bu baxımdan funksional əməkdaşlığın faydası böyükdür. Amma təkcə funksional əməkdaşlıqla kifayətlənib, Azərbaycanda demokratik seçkilərin keçirilməsinə nail ola bilməyəcəyik".

Qeyd edək ki, fevralın 9-da İctimai Palatanın sessiyasında çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, müxalifətin birlik modeli İctimai Palatadır.