Netbukların sayılı günləri qalıb

9 Fevral 2013 13:30 (UTC+04:00)

2013-cü ildə təhsil məqsədləri üçün kompüter qurğuları bazarına 15 milyon məhsul tədarük ediləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin məhsullar arasında netbuklar üstünlük təşkil edəcək.

Bəzi ekspertlərin iddiasına əsasən, netbuklar məhv ola bilər. Lakin aparılan araşdırmalar zamanı məlum olub ki, cari ildə təhsil məqsədləri üçün kompüter qurğuları bazarına təxminən 6 milyon netbuk tədarük ediləcək.

Qeyd edək ki, "Acer" və "Asus" şirkətləri bu yaxınlarda rəsmi şəkildə netbuk istehsalına son verdiklərini bəyan ediblər. Bir qədər əvvəl isə "Dell", "HP" və "Samsung" şirkətləri də bu məhsulun istehsalından imtina edib. Nəticədə, netbukların tədarük həcminin 2011-ci il ilə müqayisədə 50 faizdən artıq azalacağı gözlənilir. Bir sözlə, ucuz və zəif gücə malik netbukların sayılı günləri qalıb.