A.Karakoç Yazıçılar Birliyində anıldı

9 Fevral 2013 10:36 (UTC+04:00)

Qonaqları Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Türk dünyasının böyük şairi və aydını A.Karakoçun Azərbaycanda silsilə tədbirlər şəkildə yad edilməsi və Azərbaycan oxucularına daha yaxından tanıdılmasının vacibliyindən və əhəmiyyətindən danışdı. Qonaqlara Yazıçılar Birliyi barədə məlumat verdikdən sonra AYB-in sədri Anar Azərbaycan-Türkiyə ədəbi münasibətləri və Türkiyənin və Türk dünyası ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının isə Türkiyədə və Türk dünyasında tanıdılması istiqamətində görülən işlər və bu işlərin daha da sürətləndirilməsinin vacibliyindən danışıb.

Tədbirdə iştirak edən və A.Karakoçla bağlı tədbirlər silsiləsinin təşkilatçısı millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva həyata keçirilən bu silsilə tədbirlərin məqsədinin Türk dünyasının böyük şairi-aydını A.Karakoçun Azərbaycan oxucularına daha yaxından tanıdılması və gənc nəsillərə bu böyük şair və aydının fikir və düşüncələrinin daha geniş çatdırılması olduğunu bildirib. Millət vəkili vurğulayıb ki, A.Karakoç Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi illərdə, Ermənistan tərəfindən torpaqların işğal edildiyi Qarabağda Ermənistan tərəfindən soyqırım törədildiyi dövrdə Azərbaycanda heç zaman olmamasına baxmayaraq, "Qarabağa məktub" adlı silsilə şeirlər yazaraq, Azərbaycandakı qardaş və bacılarının yanında olduğunu göstərməklə bərabər, qardaş Türkiyənin gəncliyinə və Türk dünyası gəncliyinə müraciət edərək onları Qarabağ probleminin həllində Azərbaycanın torpaqlarının işğaldan azad olunmasında Azərbaycanın yanında olmağa çağırıb. "A.Karakoç ondan örnək götürən on minlərlə gənc insanların bu cür milli düşüncə və duyğuları ilə hər zaman qardaş birliyinə çağırıb. Ona görə də o, Türkiyənin olduğu qədər, Azərbaycanın və Türk dünyasının şairidir və ona görə də onun xatirəsinin bu silsilə tədbirlər ilə yad edilməsi bizim borcumuzdur", - Q.Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın böyük şair, yazar və aydınlarının Türkiyədə, Türkiyənin və Türk dünyasının böyük şair, yazar və aydınlarının Azərbaycanda daha geniş tanıdılması məqsədilə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin bundan sonra da bir sıra layihələr həyata keçirəcəyini bildirib.

Daha sonra çıxış üçün söz Türkiyə Böyük Millət Məclisinin üzvü Selçuk Özdağa verildi. Natiq qonaqları salamlıadıqdan sonra belə bir proqramın Azırbaycanda təşkil olunmasının onları həm sevindirdiyini, həm də düşündürdüyünü qeyd etdi: "Çünki şairin öz vətənində belə onunla bağlı fərdi fəaliyyətlər olsa belə, bu şəkildə

böyük bir tədbir keçirilməyib. İnşaallah, biz qayıtdıqdan sonra belə bir böyük tədbir keçirməyi düşünmüşük. Mən artıq təklifləri də vermişəm. Böyük salonda millət vəkilləri, nazirlər onun şeirlərini əzbərdən oxuyacaq, əsərlərini bəstələyənlər, mahnı yazanlar isə orada iştirak edəcək. Abdurrahim Karakoç, Bəxtiyar Vahabzadə kimi şairlər millətin gələcəyini inşa edən şəxslərdir. Biz onların qurduğu körpülərin həmişə yaşamasını istəyirik." Səlçuk bəydən sonra digər millət vəkilləri, şairin dostu Mustafa Toygar, mərhum şairin şeirlərini ən çox bəstələyən Hasan Sağındık çıxış üçün söz aldı. Qonaqlardan kimisi onun şeirlərinin cazibəsindən, kimisi də şairlə ən xoş xatirələrindən danışdı. Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan, AYB-nin katibi Arif Əmrahoğlu çıxış edərək öz fikirlərini bölüşdülər.

Tədbirdə çıxış edən Lütfü Şehsüvaroğlu şairlə bağlı fikirlərini bölüşdükdən sonra AYB-ə A.Karakoçla bağlı yazdığı 3 kitabını hədiyyə etdi. Tədbirdə ana fikir kimi bir adamın yaşının yaşadığı illər qədər yox, xatırlandığı müddət qədər olduğu önə çıxarıldı.

Tədbirin sonunda A.Karakoç ailəsi adından şairin oğlu Enderhan Karakoç AYB-in sədri, xalq yazıçısı Anara plaket və şairin yazdığı kitabları hədiyyə etdi.

Qeyd edək ki, A.Karakoçla bağlı 3 gün davam edən tədbirlər silsiləsi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə həyata keçirilir.