Aktyorlar Əkrəm Əylisliyə qarşı çıxdılar

9 Fevral 2013 03:12 (UTC+04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yazıçı Əkrəm Əylislinin "Daş Yuxu"ları romanıya bağlı münasibət bildiriblər. Teatrdan daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"Vətəndaşlıqdan uzaq olana vətəndaş mövqeyi...

Əkrəm Əylislinin "Drujba narodov" jurnalında böyük həvəslə dərc olunmuş, düşmən dəyirmanına su tökən romanı ətrafında gedən müzakirələri, çıxışları diqqətlə izləyən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bu gün toplantı keçirərək dırnaqarası "Daş yuxular" romanı və onun müəllifi Əkrəm Əylisliyə vətəndaşlıq münasibəti bildirmişlər. Toplantıda sənət adamları qeyd etmişlər ki, müəllif Azərbaycan xalqına, bütünlükdə türk dünyasına şər, böhtan yağdırmaq, Azərbaycan tarixini təhrif etmək, minlərlə şəhidlərin ruhunu tapdalamaq, islam dinini alçaltmaq yolunu tutmuş, bu da haqlı olaraq bütün xalqımız kimi, biz yaradıcı insanların da nifrət və qəzəbinə səbəb olmuşdur.

Azərbaycan xalqının zalım, qaniçən, qəddar kimi qələmə verildiyi, "yerazlar elədi, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Heç kimi hərləmirlər. Nə şair bilirlər, nə aktyor, nə yazıçı... Denən filankəs ermənidi, vəssalam. O dəqiqə ayaqlarının altına salıb vəhşi kimi təpikləyəcəklər. Tikə-parça eləyəcəklər, heç kimin də hünəri çatmayacaq yaxın getsin" ifadələrinin işləndiyi "əsər"in müəllifi görən Azərbaycan türklərini çalalara doldurub diri-diri basdıran, qadınların bellərinə qaynar samovar bağlayıb işgəncə verən, hamilə qadınların qarnına süngü taxaraq onları körpəsi ilə birlikdə öldürən, körpə uşaqları analarının əlindən alıb havaya ataraq süngüyə keçirən, kəndin camaatını məscidə doldurub yandıran ermənilərin bu vandallıqlarından bixəbərdirmi? Illər boyu ermənilərin dünyaya car çəkərək türklərin soyqırım törətdiklərini utanmadan və həyasızcasına, dönə-dönə vurğulamalarınıdamı müəllifin unutqanlığına yazaq? Tarixdən hamıya yaxşı məlumdur ki, 1918-ci ildə ermənilər tərəfindən Bakıda həyata keçirilən soyqırım zamanı on səkkiz minə qədər Azərbaycan türkü qətlə yetirilmişdir. Bəs Qarabağ uğrunda gedən savaşlarda, Xocalı soyqırımında qətlə yetirilən soydaşlarımız? Bəs bu faktı hara yazaq? Unudaqmı?

Müəllifin "yeraz" kimi qələmə verdiyi "qaniçən vandallar"ın reaksiyaları başqa nə cür ola bilərdi axı? Isti yurd, yuvasından didərgin salınmış, valideynləri və ya ailə üzvlərindən hər hansı birini itirən, min bir işgəncəyə məruz qalan bir insan başqa cür nə etməli idi görəsən? Hər halda düşmənini gül-çiçək çələngləri ilə qarşılamalı deyildi. "Əsər"də isə elə göstərilib ki, sən demə "yeraz"lar tolerantlıq nümayiş etdirməli imişlər.

Açıqlamalarında "mən ermənilərə mesaj atmışam ki, biz suçumuzu etiraf edirik, siz də edin" deyən müəllif ermənilərin: "hə, Qarabağ sizin əzəli-əbədi torpaqlarınızdır, onu sizə geri qaytarırıq, biz Azərbaycanlılara qarşı həmişə düşmən mövqedə olmuşuq, bizi əfv edin" sözlərini deyəcəklərinimi gözləyir əcaba? Əgər belədirsə, onda müəllif ermənilərin uzunillik "zəhmət"lərinin bir sifarişli "əsər"ə qurban verməyəcəkləri həqiqətini nəzərə almayıb yəqin.

Ədəbiyyatımızda "Atalar və atasızlar", "Dağlara çən düşəndə", "Gilas ağacı", "Mənim nəğməkar bibim" kimi əsərləri ilə tanınan Əkrəm Əylisli üçün 7 il sonra bu əsəri çap etdirmək məqsədi nəyə xidmət edir?

Yazdığı əsəri ilə ermənilər tərəfindən seviləcəyi, rəğbətlə qarşılanacağı yaxşı məlum olan müəllif görəsən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin qarşısında vicdanını necə təmizə çıxaracaq?

Müəllifin prototipi Saday Sadıxlıya gəlincə, görəsən başqa peşə sahibi tapılmadı ki, "qəhrəman" bu "istedadlı" aktyor seçildi. Azərbaycançılığı bu dərəcədə aşağılayan Əkrəm Əylislinin 140 illik teatr tariximizin ümumi qəhrəmanına müraciət etməsi də yəqin düşünülmüş siyasətin tərkib hissəsidir.

Bu gün bəşəri hisslərdən məhrum olan erməni xislətli Ə.Əylisli Azərbaycanda gedən nəhəng quruculuq işlərindən, onun dünya miqyasında getdikcəə artan nüfuzundan, Azərbaycan xalqının əldə etdiyi yüksək nailiyyətlərdən, Qarabağ həqiqələrini dünya ictimaiyyətinə çatdırmaq və mühüm layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən yaza bilməzdi?

Çox təəssüf hissi ilə bildiririk ki, xalqımızın, dövlətimizin ona olan ehtiramından, etibarından sui-istifadə edib, sərbəst düşüncəli yazıçı pərdəsi altında əsl xislətini üzə çıxaran Ə.Əylisli bundan sonra bu ölkənin havasını necə udacaq, bu torpaq üstündə necə gəzəcək?

Teatrımızın yaradıcı heyəti belə hesab edir ki, Ə.Əylisli kimi satqın, simasız, xəyanətkar yazıçıya cəmiyyətimizdə yer yoxdur.

O, bu xalqdan və dövlətdən aldıqları nə varsa hamısına sahib olmaq haqqını itirmişdir. Bu ümumxalq rəyidir.

Respublika prezidenti cənab İlham Əliyev 07.02.2013-cü il tarixində Ə.Əylislinin "Xalq yazıçı"sı və prezident təqaüdündən məhrum edilməsi haqqında Sərəncamını böyük məmnunniyyət hissi ilə qarşıladığımızı bildirir və hesab edirik ki, o Azərbaycan vətəndaşı adını daşımağa da layiq deyildir".

Əkrəm Əylislinin "Daş yuxular" romanı ilə bağlı toplantıda iştirak edən və sözügedən "əsər" haqqında münasibət bildirən teatr əməkdaşlarının siyahısı:

Mübariz Həmidov – Əməkdar Artist

Bəhram Osmanov – Əməkdar İncəsənət Xadimi

Yasin Qarayev – Xalq Artisti

Səriyyə İsmayılova – Əməkdar Mədəniyyət İşçisi

Şövqi Hüseynov – Əməkdar Artist

Naibə Allahverdiyeva – Əməkdar Artist

Nübar Novruz - Əməkdar Artist

Nofəl Vəliyev - Əməkdar Artist

Kəmalə Hüseynova - Əməkdar Artist

Atabala Səfərov - Əməkdar Artist

Elşən Rüstəmov - Əməkdar Artist

Elnur Kərimov

Elşən Çarhanlı

Sərvər Əliyev

Almaz Mustafayeva

Şəfəq Əliyeva

Vüsal Mehrəliyev