"Xəzər Lənkəran"ın təlim-məşq toplanışı necə keçdi?

8 Fevral 2013 14:39 (UTC+04:00)

"Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vurdu. Siasport.az saytı keçirilən hazırlıq prosesi haqqında məşqçi korpusunun və futbolçu heyətinin bəzi üzvlərinin fikirlərini oxucuların diqqətinə çatdırır:

Karles Martorell (baş məşqçi): "Düşərgədə hər şey yaxşı idi. Bizim çox yaxşı təlim-məşqlərimiz oldu. Ancaq təəssüf ki, biz bütün komandayla işləyə bilmədik. Bu həftə tam heyətlə işləmək imkanımız olacaq. Bundan başqa, demək olar ki, 4 həftə bundan öncə Antalyaya gələn "Xəzər Lənkəran"la hazırkı komanda arasında böyük fərq var. Bizim ard-arda oyunlarımız çox olurdu və matçlar ərzində biz oyunçu dəyişikliyi edə bilmirdik. Buna görə də futbolçular çox yorğun idilər. İndi bizim 18 futbolçumuz var və bu, onlar arasındakı rəqabəti artırır. Bu, komanda üçün çox yaxşıdır.

Yoldaşlıq oyunlarına gəldikdə isə, deyə bilərəm ki, ilk üç oyun komandamızın fiziki vəziyyətini yaxşılaşdırmaq üçün keçirildi. Bu matçların nəticələri çox da vacib deyildi. Amma son iki matçı biz fərqli oynadıq, tam olaraq topa sahib ola bildik. Düşünürəm ki, bugün komanda kifayət qədər yaxşı vəziyyətdədir".

Erik Roketa (fiziki hazırlıq üzrə məşqçi): "Futbolçuların 3 həftəlik tətil boyu istirahət etməyə və zədələrini sağaltmağa kifayət qədər imkanları oldu. Ona görə də onlar bu hazırlıqlarda yaxşı çalışdılar. Son üç həftədə biz onlarin fiziki göstəricilərini və taktikalarını inkişaf etdirmək üçün çalışdıq. Bu, futbolçular üçün çox vacibdir. Çünki onlar növbəti 4 həftə ərzində çempionatın təsnifat mərhələsinin qalan oyunlarına çıxacaqlar və bundan sonra play-off matçları oynanılacaq. Mən onların fiziki hazırlıqlarını 100% kimi dəyərləndirə bilmərəm, amma bu rəqəm 70-80% ola bilər. Futbolçular düşərgədə ciddi şəkildə işlədilər. Son məşq kifayət qədər intensiv keçdi. Ümumiyyətlə, komandanın yaxşı vəziyyətdə olduğunu düşünürəm.

Hafiz Əliyev (qapıçılarla iş üzrə məşqçi): "Məşqlərdən razı qaldım. Ümumiyyətlə hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Uşaqlar fiziki cəhətdən kifayət qədər yükləndilər, təcrübələrini artırdılar və bu, sözsüz ki, qarşıdakı çempionat oyunlarında öz bəhrəsini verməlidir".

Elnur Abdullayev: "Toplanış yüksək səviyyədə keçdi. Bu müddət ərzində yoldaşlıq oyunları keçirdik. Belə oyunların nəticələri o qədər də əhəmiyyət kəsb etmir. Yoldaşlıq oyunlarının məqsədi futbolçuların fiziki durumunu, taktiki gedişlərini müəyyən edib, daha da yaxşılaşdırmaqdır. Əsas çempionatdır. Məqsədimiz də "İnter"lə oyuna hazırlaşmaqdır. İnşallah "İnter"lə oyundan qalib çıxarıq".

Uğur Pamuk: "Toplanışdan çox razı qaldım. Zənnimcə, burada biz yaxşı hazırlıq keçdik. Ümid edirəm ki, klubun etdiyi transferlər də uğurlu olar və bu, öz bəhrəsini tezliklə verər. Əsas məqsədimiz çempionatın təsnifat mərhələsinin son dörd turunda qələbə qazanıb, mübarizəni ilk altılıqda davam etməkdir".

Kazım Kazımlı: "Hazırlığımız əla keçdi. Artım nəzərə çarpacaq səviyyədədir. Düşünürəm ki, komandamız qarşıdakı oyunlarda ancaq qələbə qazanaraq öz mövqeyini altılıqda bərkidəcək".

Orxan Sadıqlı: "Toplanış bizim üçün çox vacib idi. Allahın köməkliyi ilə bunun xeyrini çempionat oyunlarında görərik. Hesab edirəm ki, bu gün biz çempionata tam hazırıq. Toplanış ərzində keçirilən oyunlar yox, bizi əsas maraqlandıran çempionat matçlarıdır ki, orada da özümüzü göstərəcəyik, İnşAllah. Azarkeşlər bizi gözləyir, biz də onlar üçün darıxmışıq. İnşallah onlarla görüşəcəyik".

Dimitrios Sialmas: "Düşünürəm ki, biz burada olduğumuz müddətdə hamımız birlikdə ailə kimi çalışdıq. Ola bilər ki, bəzi yoldaşlıq görüşlərində qələbə qazana bilmədik, amma bu, çox da önəmli deyil. Bizə qarşıdakı play-off-dan öncəsi matçları qazanmaq lazımdır. Azərbaycana qayıtdıq və burada 4 oyunumuz olacaq. Bu oyunlarda qalib gəlməliyik və qalib gələcəyik.

Radomir Todorov: "Bu təlim-məşq toplanışında mənim məşqlərim daha çox bərpa xarakteri daşıyırdı. Tibbi korpus zədədən bərpa olunmağım üçün əlindən gələn hər şeyi edir. Hələlik hər şey qaydasında gedir. Ümid edirəm ki, gələn həftə topla oynamağa və komandayla məşq etməyə başlayacağam. Düşünürəm ki, mənim komandaya kömək etmək üçün təxminən 10 gün hazırlığa ehtiyacım var".

Adrian Skarlatake: "Fikrimcə, bu, çox yaxşı təlim məşq toplanışı idi. İndi komanda daha yaxşı vəziyyətdədir və biz növbəti oyunlara hazırıq. Əlimizdən gələn hər şeyi edəcəyik ki, öz azarkeşlərimiz üçün play-off mərhələsinə vəsiqə qazanaq. Azarkeşlərimizə söz veririk ki, play-off öncəsi 4 oyunda qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik".

Marin Orsuliç: "Burada olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. "Xəzər Lənkəran" böyük camiədir. Mən görürəm ki, komanda günü gündən yaxşıya doğru gedir. Burada çox yaxşı oyunçular var. Düşərgə həqiqətən də mükəmməl idi. Bizim üçün şəraitin ən yaxşısı yaradılmışdı: yaxşı meydança, yaxşı otel, yaxşı məşqlər. Bizim hər gün iki dəfə keçirilən məşqlərimiz çox maraqlı idi. Təlim-məşq toplanışı ərzində ciddi şəkildə işlədik. Düşünürəm ki, artıq çempionat oyunlarına hazırıq".

Adrian Pit: "Düşərgədəki məşq prosesindən razı qaldım. Ümid edirəm ki, "İnter"lə oyundan qalib ayrılaraq, play-off mərhələsindən öncəki digər 3 matçda da qələbə qazanacağıq. Bu oyunlara tam olaraq hazıq olmalıyıq. Bu 4 oyun bizim üçün döyüş kimi keçəcək. Əlimizdən gələn hər şeyi etməliyik ki, play-off mərhələsinə vəsiqə qazanaq. Bu, bizim üçün çox önəmlidir".

Roberto Alviz: "Fikrimcə, təlim məşq prosesini uğurla tamamladıq. Çünki məşq zamanı heç bir futbolçumuz zədələnmədi. Beş oyun oynadıq. Düşünürəm ki, çempionata hazırıq. Klub bir sıra yeni futbolçular transfer edib. İnanıram ki, onlar bizə kömək edəcəklər. Ümid edirəm ki, bu təlim məşq toplanışı ərzində öz keyfiyyətimizi artırdıq və düşərgənin nəticəsini şəxsən mən 5 balla qiymətləndirərdim".

Elnur Allahverdiyev: "Komandamız toplanış müddəti ərzində yaxşı hazırlaşdı, prosesə ciddi yanaşıldı. Bilirdik ki, işimiz çətindir - həm altılığa düşmək üçün üzümüzə gələn 4 oyunda qələbə qazanmalıyıq, həm çempionluq uğrunda mübarizəni layiqincə aparmalıyıq. Ona görə də məsuliyətlə çalışırdıq. Futbolçuların hamısı əlindən gələni etdilər. Allah eləməsin, uğursuz nəticə göstərsək, bu, nə komandaya nə də futbolçu kimi bizə yaraşar. Ona görə çox ciddi çalışdıq, məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. İnşAllah, onun bəhrəsini çempionatda görəcəyik. Komanda yoldaşlarımın hamısına inanıram".