Musiqili Komediya Teatrından “Daş yuxular”a sərt reaksiya MÜNASİBƏT

8 Fevral 2013 13:17 (UTC+04:00)

Bu gün ölkə ictimayyətinin böyük narahatlığına və qəzəbinə səbəb olan bir hadisəyə - bir çox əsərləri ölkə teatrlarının səhnəsində tamaşaya qoyulmuş Əkrəm Əylislinin "Daş yuxular" əsərinə Musiqili Komediya Teatrının kollektivi də öz münasibətini bildirib.

SİA-nın məlumatına görə, münasibət bildirənlər arasında teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar incəsənət xadimləri Nazim Hacıəlibəyov, Əsgər Əsgərov, əməkdar artistlər Ramiz Məmmədov, Nərgiz Kərimova, Boris Qrafkin, əməkdar mədəniyyət işçisi Telli Əliyeva, aktrisalar Svetlana Bulax və Marina Litvinenko olub.

Çıxış edənlərin hər biri qeyd ediblər ki, Əkrəm Əylisli bu əsəri yazmaqla yaradıcı adamın bəşəri olduğunu, azad sözə, demokratik fikrə sahib olduğunu dünyaya göstərmək iddiasında olub. Lakin yaşı 75-i ötmüş bu qələm sahibi başa düşməli idi ki, bəşəri olmaq, öz xalqının mənəvi dəyərlərinin üstündən xətt çəkmək deyil, məxsus olduğu xalqın üstünə şər, böhtan dolu çirkab atmaq, onu təhqir etmək, aşağılamaq, tarixini təhrif etmək deyil. Bəşəri olmağın yolu Vətənə, Millətə, Dövlətə xəyanətdən keçmir. Bəşəri olmaq hümanist bir xalqın ünvanına hədyanlar, yalanlar söyləmək deyil, onu digər millətlərin gözündə vəhşi, qaniçən kimi təsvir etmək də deyil. Bəşəri olmaq həqiqəti danmaq yox, onu bütün reallığı ilə göstərmək, yaşanan tarixin gizlədilən tərəflərini üzə çıxartmaq, onu ciddi dəlillərlə, sanballı, inandırıcı dəlillərlə ortaya qoymaq deməkdir. Bu gün Əkrəm Əylisliyə Azərbaycan xalqının kin və qəzəbini dərk etmək üçün bu əsəri səbrlə oxumaq, hər cümləsində, hər kəlməsində məxsus olduğu torpağa, onun insanlarına asi olan bir nankorun əsl məqsədini anlamaq o qədər də asan deyil. Axı bir yazıçıya verilə biləcək bütün mükafatlara, fəxri adlara, hörmət və izzətə yiyələnmiş Əkrəm Əyrislinin ermənilərə naib, nökər olmağa vadar edən hansı hisslər, hansı duyğulardır ?!

Biz, sənət adamları şöhrətin, hörmətin, alqışın, ümümxalq sevgisinin nə olduğunu yaxşı bildiyimizdən ondan soruşmaq istəyirik: axi sənin nəyin çatmırdı, Əkrəm Əylisli? Ömrünün bu ahıl çağında bütün həyatını içində yaşadığın bir xalqın 25 ildən bəri çəkdiyi əzablarından söz açsaydın, Qarabağ həqiqətlərini qələmə alsaydın, Xocalı faciəsindən yazsaydın, namusu, isməti doğmalarının gözü qarşısında tapdanan qız-gəlinlərin, ana-bacıların yaşantılarını dilə gətirsəydin, əsərində nifrətlə "yeraz" adlandırdığın yarım milyon Qərbi Azərbaycanlının köç faciəsindən, başına gətirilən müsibətlərdən söz açsaydın, bu Xalq səni başı üstündə gəzdirərdi, necə ki, sənə ziyalı deyib səndən heç nə ummadan bunu edirdi. Amma sən belə etmədin, belə ola bilmədin. Amma sən 20 ildən bəri torpağının 20% -dən çoxu işğal olunmuş, minlərlə şəhid vermiş, ancaq bu gün də haqlı olduğunu dünya ictimayyətinə çatdıra bilməmiş bir xalqın düşməninə havadarlıq etdin. Sənin də məxsus olduğun bu xalq 25 ildir ki, öz qonşusunun haqsız torpaq tələbləri ilə mübarizə aparmaqdadır. Amma bu xalq yenə silaha əl atmır, problemin dinc yolla həllini axtarır. Öz hövsələsini qoruyub saxlayır. Sən bilməmiş deyilsən ki, bu gun Ermənistanda bir azərbaycanlı belə tapılmasa da, Bakıda 30 mindən cox erməni qorxusuz, hürküsüz yaşamaqda, işləməkdədir.

Bizim orta nəslin nümayəndələri sənin bir vaxtlar yaratdığın əsərlərdəki bu torpağın otuna, çiçəyinə, insanına heyrətamiz sevginə vurulub. Bəs birdən-birə sənin bu dönüklüyünü, bu iddianı, "bəşərilik iddiası" ilə yazdığın bu sərsəm əsərini necə qəbul edək, ona nə ad verək? Sənin ermənilərə bu can yandırmağını, havadarlıq etməni ağlı başında olan heç bir insan başa düşmür, anlamır. Sənin vicdanın bu qədərmi kar, bu qədərmi kor oldu ki, Bakıda rahat mənzilində oturub belə alçaq niyyətlə fikirlərini kağıza köçürdün, bu cəfəngiyyatı beş il bomba kimi qoltuğunda gəzdirdin, sonra isə onu Azərbaycan xalqının düçar olduğu faciələrin dirijoru olan bir ölkənin paytaxtında - Moskvada çap etdirdin. Sən bu millətdən, bu dövlətdən, məxsus olduğun yazıçılar ordusundan səni layiq olmadığın mərtəbələrə qaldırdıqları üçünmü bu intiqamı aldın, millətindən beləmi imtina etdin?!

Xalq da səndən imtina edir, Əkrəm Naibov! Bu gün sənin doğulub, boya başa catdığın Əylis kəndinin, bütovlükdə isə bütün xalqın tələbi budur ki, sən illər boyu hamı tərəfindən unudulan öz soyadını daşıyasan. Əylis kəndi öz nankor və xəyanətkar övladından imtina edir. Əylis onu "Aqulis" adlandıran, onun tarixini və torpağını təhqir edən, düşmən çırağı yandıran, heç bir erməni yazıçısının yazmağa və deməyə qadir olmadığı iftiraları söyləyib, dünyaya faş edən bir xaini bağışlamır, onun adı ilə yanaşı dayanmaq istəmir.

Biz də Musiqili Komediya Teatrı kollektivinin bu günkü iclasında çıxış edən hər bir natiqin və dinləyicinin adından Əkrəm Naibovdan soruşmaq istəyirik: sənin bu millətə, bu xalqa nifrətin nədən qaynaqlanır?! Sən bundan sonra bu el qınağı ilə, el nifrəti ilə, el tənəsi ilə necə yaşayacaqsan?!

Xalqımızın gözəl bir deyimi var: Allah birini cəzalandırmaq istəyəndə öncə onun ağlını əlindən alır. Görünür sənin də ağlını ömrünün bu ahıl çağında almaqla, Tanrı sənə layiq olduğun zülmü göstərmək istədi. Sən bu zülmü, bü nifrəti öz əməlinlə qazandın. Xalq sonunda öz yazdığını sənə bir də xatırladır: Ürək doğurdan da yaman şeydir, Əkrəm Naibov! Sən bu xalqın ürəyini elə qırdın, elə sındırdın ki, indi onu heç nə ilə geri ala bilməyəcəksən! Ölüm hər kəs üçün haqqdır – hətta ölümünlə belə!