"Dell" i 24,4 mlrd dollara satın alır

8 Fevral 2013 01:03 (UTC+04:00)

Vaxtilə kompüter quraşdırılması üzrə ən böyük şirkət olan "Dell" in təsisçisi Maykl Dell biznesi tamamilə özəlləşdirərək onu yenidən dirçəltməyə hazırlaşır. SİA-nın məlumatına görə, o, Silver Lake fondu və "Microsoft" şirkəti ilə "Dell" in səhmlərinin $24,4 mlrd və ya hər səhmə $13,65 satın alınması ilə bağlı danışıqlara başladı. Nəticədə konsorsium artıq Maykl Dell və şirkət menecerlərinin mülkiyyətində olanlar istisna olmaqla "Dell" in sərbəst dövriyyədə olan bütün səhmlərini satın alacaq.

Müqavilə şirkətin direktorlar şurası tərəfindən dəstəklənmişdir və ABŞ-ın antimonopoliya orqanlarının yoxlamasından keçməlidir.

Satınalma bu ilin sonuna qədər həyata keçiriləcək, bundan sonra şirkət rəhbəri və direktorlar şurasının sədri vəzifəsində fəaliyyətini davam etdirəcək "Dell" şirkətə özünün xüsusi yığımlarından, eləcə də şəxsi fondu olan MSD Capital-ın vəsaitlərindən kapital qoyuluşu həyata keçirəcək . Bundan əlavə şirkət "Microsoft" dan 2 mlrd dollar həcmində kredit götürəcək. Ümumilikdə investorlar qrupu şirkətə 6 mlrd dollar həcmində xüsusi vəsait yatıracaq, qalanları isə borc vəsaitlərindən formalaşacaq.

Qeyd edək ki, bu 2008-ci il maliyyə böhranından sonra ən böyük səhm alqı-satqısı olacaq. Maykl Dellin özü bildirir ki, 30 il əvvəl Texasda tələbə yataqxanasında əsasını qoyduğu şirkəti geri qaytarmağa və onu daha rəqabətqabiliyyətli etməyə niyyətlidir. "Microsoft" un elanında bildirilir: "şirkətdə ümid edirlər ki, "Dell" ə edilən investisiyalar uzunmüddətli perspektivdə bütün PC ekosisteminin vəziyyətinin yaxşılaşmasına səbəb olacaq.