“Daş yuxular” romanı ümummilli məsələdir

7 Fevral 2013 18:17 (UTC+04:00)

Əkrəm Əylislinin "Daş yuxular" romanı ümummilli məsələdir. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bəzi müxalifət dairələrin bu əsəri dəstəkləməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu məsələ xalqın taleyi və tarixi ilə bağlıdır: "Əgər kimsə bu əsərə xalqdan fərqli mövqe nümayiş etdirirsə bu onu göstərir ki, həmin insanlar xalqına və dövlətinə əks mövqedə dayanır. Onlar xalqın etimadına qarşı çıxırlar. Xalqın bütün təbəqələri öz sözünü deyirsə, bir neçə siyasi partiya və özünü "ziyalılar forumu" adlandıran, ancaq anti-ziyalı mövqedə olan insanların iç üzünü bu məsələ ortaya qoydu. Bu gün ya "ziyalılar forumu"nda Ə.Əylislinin özünün yaxın dostları adlandırdıqları insanlar bu əsərə mövqe bildirmək istəmirlər. Görünür onlarında mövqeyi onun mövqeyi ilə eynidir. Bu insanların belə mövqeyi sadəcə xalqın qəzəbindən qorxmalarıdır. Əslində bu bizi çox maraqlandırmır. Çünki belə insanların sayı çox azdır. Onların Azərbaycanda gedən siyasi proseslərə heç bir təsiri yoxdur. Amma onun bu əsəri 25 il ərzində Azərbaycanın Qarabağ uğrunda Ermənistanla apardığı ədalətli haqq uğrunda mübarizədə arxadan bir zərdə oldu. Ancaq onun mövqeyi Azərbaycan dövlətinin və xalqının mövqeyi deyil".

Millət vəkili Prezident İlham Əliyevin Əkrəm Əylislinin Azərbaycanın "Xalq yazıçısı" fəxri adından məhrum edilməsi barədə sərəncamına da münasibət bildirib: "Hər gün yüzlərlə zəng, məktub gəlir ki, Ə.Əylisli Azərbaycan xalqına xəyanət edib. Onun mövqeyi Azərbaycana qarşı düşmənçilikdir. Bu mənada onun əsərini də, özünü də qəbul etmirik. Artıq cənab prezident İlham Əliyev xalqın maraqlarından çıxış edərək Ə.Əylislini xalq yazıçısı və prezidentin fərdi təqaüdçüsü adından məhrum edib. Hesab edirəm ki, Azərbaycan xalqının iradəsinə qarşı gedən, xalqını aşağılayan, ona böhtanlar atan, tarixini saxtalaşdıran hər bir kəsin son aqibəti belə olmalıdır. Ola bilməz ki, yazdığın əsər xalqa qarşı düşmən mövqedə dayansın və sən də xalqın ən yüksək titullarını daşıyasan. Bu həm də Ə.Əylisli kimi düşünən bəzi anti-milli qüvvələrin təsiri altında özlərini qələm sahibləri hesab edən insanlara da bir dərsdir".