İqor Muradyan: “Rəsul Quliyev ABŞ-ın erməni təşkilatları ilə əlaqələr axtarır”

6 Fevral 2013 18:53 (UTC+04:00)

Ermənistanın Milli Təhlükəsizlik Partiyasının sədri, vaxtilə Azərbaycanda yaşamış və Dağlıq Qarabağda ermənilərin "Qarabağ" komitəsinin ilk rəhbəri olan İqor Muradyan Açıq Cəmiyyət Partiyasının hazırda ABŞ-da yaşayan lideri Rəsul Quliyevlə görüşüb.

Ermənistanın Lragir.am saytının verdiyi məlumata görə, İ.Muradyan Rəsul Quliyevlə görüşünün təfərrüatını belə açıqlayıb: "Tanınmış Azərbaycan müxalifətçisi Rəsul Quliyevlə görüşümü xatırlayıram. Rəsul Quliyev Azərbaycan parlamentinin eks-spikeri, siyasi mühacir, legitim milyoner və Azərbaycanda bir çox müxalifət partiyalarını maliyyələşdirən şəxsdir. Görüş Vaşinqtonda, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda baş tutdu və onu həmin vaxt institutun direktoru vəzifəsində çalışan Çarlz Farbenks təşkil etmişdi. Bizə məlum idi ki, Rəsul Quliyev ABŞ-ın erməni təşkilatları ilə əlaqələr axtarır. Bu dəfə o, həmin təşkilatlardan biri ilə görüşmək üçün Nyu-Yorkdan gəlmişdi".

İ. Muradyan deyib ki, R. Quliyev ondan Azərbaycan hakimiyyəti və Heydər Əliyev haqqında rəyini soruşub, Muradyandan isə ölkəsinin siyasətinə uyğun cavab alıb: "Rəsul Quliyev mənim cavabımdan həyəcanlandı və xahiş etdi ki, dediklərimi başqa yerlərdə yaymayım, çünki özü bu fikirlərdən yararlanmaq istəyirdi. O mənə dedi ki, mənim dediklərim həmişə onun da düşüncəsi olub, ancaq belə lakonik formada ifadə edə bilməyib. Bilmirəm, o, bu tezisləri yaydı, yoxsa yox". apa.az