İmtahanların vaxtı açıqlanıb

6 Fevral 2013 11:38 (UTC+04:00)

"Azərbaycanda ilk dəfə olaraq ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə keçiriləcək sınaq imtahanının vaxtı açıqlanıb". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı fevralın 17-də keçiriləcək.

Onun sözlərinə görə, bu gündən etibarən sınaq imtahanlarına internet vasitəsilə qeydiyyat başlayıb.

Natiq Əliyev ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsinin martın 3-də keçiriləcəyini açıqlayıb. O qeyd edib ki, magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir: "Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi, informatika fənnini və xarici dil bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu zaman bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulan minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar".

Nərmin Nəsirli