Oqtay Əsədov: “Azərbaycan Bosniya və Herseqovina ilə əlaqələrin inkişafına xüsusi önəm verir”

6 Fevral 2013 10:40 (UTC+04:00)

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Bosniya və Herseqovina Parlament Məclisi Nümayəndələr Palatasının sədri Bojo Lyubiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən SİA-ya verilən məlumata görə, spiker bu cür səfərlərin münasibətlərimizin inkişafına müsbət təsir göstərdiyini söyləyərək, ölkəmizin sürətli iqtisadi inkişafı barədə ətraflı məlumat verərək bildirib ki, Avropanın enerji təhlükəsizliyində bu gün mühüm rol oynayan Azərbaycan bölgədə həyata keçirilən qlobal layihələrin təşəbbüskarı, həm də fəal iştirakçısıdır: "Müstəqil Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə gedir. Avropaya inteqrasiya edən ölkəmiz qitənin sülhsevər ölkələri, o cümlədən Bosniya və Herseqovina ilə də əlaqələrin inkişafına böyük əhəmiyyət verir".

Ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsində dövlət başçılarının rolunu yüksək qiymətləndirən spiker bu səfərin qanunverici orqanlar arasında da əlaqələrin genişlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.

Sonra Ermənistan-Azərbaycan münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən sədr, nümayiş etdirdiyi ədalətli mövqeyə, eləcə də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycana verdiyi dəstəyə görə Bosniya və Herseqovina hökumətinə və parlamentinə minnətdarlıq etdi və bu siyasətin gələcəkdə də dəyişməyəcəyinə əmin olduğunu bildirib.

Görüşdə Bosniya və Herseqovina Parlament Məclisi Nümayəndələr Palatasının Sədri Bojo Lyubiç isə deyib ki, onun ölkəsi ilə Azərbaycan oxşar talelər yaşadıqları üçün bir-birlərini yaxşı başa düşürlər: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox sürətli inkişaf yolu keçib. Yerləşdiyi regionun ən güclü dövlətidir və həqiqətən də Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malikdir. İndi Azərbaycan özü xarici ölkələrin iqtisadiyyatına sərmayə qoyur. Bizim ölkəmizdə də çox əlverişli investisiya mühiti vardır. Hesab edirik ki, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində çox yaxşı əməkdaşlıq edə bilərik".

Dağlıq Qarabağ münaqişəsindən söz açan qonaq deyib ki, Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamə layihəsi hazırlayıb: "Sənəddə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənilir və qeyd edilir ki, Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir. Qətnamə layihəsi yaxın vaxtlarda Bosniya və Herseqovinanın Parlament Məclisində də müzakirəyə çıxarılacaq".

Söhbət əsnasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti, dəyirmi masaların, iqtisadi və biznes forumların keçirilməsinin vacibliyi də vurğulanıb.