Sədr və həmsədrlərin görüşü

6 Fevral 2013 09:39 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ) ilə görüşüb. SİA-nın ATƏT-in rəsmi saytına istinadən məlumatına görə, görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər. Xüsusilə, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Parisdə həmsədrlərin iştirakı ilə keçirdikləri görüş, tərəflərə ötən ilin sonlarında təqdim edilmiş təkliflər ətrafında müzakirələr, eləcə də, münaqişə tərəfləri arasında etimadın möhkəmləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Leonid Kojara ATƏT-in Minsk qrupunun həmsədrlərinin atəşkəsin möhkəmləndirilməsi və münaqişənin dinc yolla həllində tərəflərə yardım səylərinə tam dəstək verdiyini açıqlayıb: "Tərəflərlə sülh prosesində irəliləyiş məqsədilə işləmək Ukraynanın ATƏT-ə sədrliyinin prioritetlərindən biridir. Mən tərəfləri bölgəyə sülh gətirmək üçün qətiyyət və siyasi iradə nümayiş etdirməyə çağırıram".