Azərbaycanlı təyyarəçinin patenti FOTO

5 Fevral 2013 17:51 (UTC+04:00)

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Azərbaycan aviasiya tarixinə aid unikal sənədlə bağlı araşdırmalar aparılır. Belə ki, indiyədək tariximizdə az məlum olan Əli Verdiyevin şəxsi sənədləri sırasında 1916-cı ildə ona verilmiş təyyarəçi patenti vacib yer tutur. SİA-nın məlumatına görə, patentdən məlum olur ki, 1891-ci ilin yanvarın 1-də Yelizavetpol şəhərində (hazırki Gəncə) anadan olmuş Əli Verdiyev 1916-cı ildə Parisdə aviasiya məktəbini bitirib. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən Əli Verdiyev 1916-cı il iyunun 22-də "pilot-aviator" normativlərini tam yerinə yetirərək bu ada layiq görülüb.

Bu patentin mövcudluğu Azərbaycan aviasiya tarixinə yeni şəxsiyyətin adını yazmağa tam əsas verir. Muzeydə qorunan digər fotoşəkillərdən aydın olur ki, 1912-ci ildə Varşavada təhsil alan Verdiyev sonralar Parisə yollanıb, ehtimal ki, 1923-cü ilədək xaricdə olub, sonralar vətənə qayıdıb. Hazırda bu şəxsiyyətin həyat və fəaliyyətini araşdırmaq istiqamətində Muzeydə araşdırmalar davam edir.