“Daş Yuxular” müəllif hislərinin ifadəsidir

5 Fevral 2013 17:08 (UTC+04:00)

"Əkrəm Əylislinin "Daş Yuxular" romanı müəllifin hislərinin ifadəsidir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, roman siyasi motivləri özündə əks etdirir: "Ə.Əylisli Ermənistana və Rusiyaya simpatiyasını heç vaxt gizlətməyib. Bu mövzuda əsər yazmasını səbəblərini onun özündən soruşmaq lazımdır".

Millət vəkili "Daş yuxular"ın Cənubi Qafqaz regionundakı siyasi proseslərin gedişinə təsir etməsinə də münasibət bildirdi: "Artıq Rusiyanın xarici siyasət konsepsiyası təsdiq olunub. Konsepsiyaya görə, Rusiyanın xarici siyasətinin əsas istiqaməti kimi keçmiş SSRİ ölkələri ilə münasibətlər qeyd olunub. Bununla yanaşı Rusiya "Avrasiya modeli" üzərində işləyir. Təbii olaraq hər bir keçmiş SSRİ ölkələri öz müstəqilliyi üçün müəyyən təhlükə hiss edir. Bunun üçün çox diqqətli olmaq lazımdır. Son vaxtlar Rusiyanın Azərbaycana qarşı apardığı siyasət 90-cı illərin ortalarında apardığı siyasətə bənzəyir. Rusiya, "Əsrin Müqaviləsi" imzalananda və "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin tikilməsi haqqında qərar qəbul olunanda Azərbaycana qarşı çox sərt siyasət yürüdürdü. Həmçinin müəyyən təzyiqlər edirdi. Bunların çoxu o zaman güc tətbiq etmə mexanizimlərindən ibarət idi. İndi Rusiya yeni texnologiyalardan istifadə edir. Bu təzyiqləri daha çox Azərbaycandakı siyasi təşkilatlar və media qurumları vasitəsilə həyata keçirməyə çalışır.

A.Mollazadə qeyd etdi ki, ölkənin daxilində sabitlik varsa, hansısa xarici təzyiqlərin heç bir nəticəsi olmayacaq.