Orduya qarşı təxribatların pərdəarxası məqamları

5 Fevral 2013 12:58 (UTC+04:00)

Anti-ordu təbliğat maşının nüvəsində, son olaylardan da göründüyü kimi, əsasən ölüm hadisələri dayanır

Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində bilərəkdən, yəni məqsədli şəkildə qərəzli mövqedən qələmə alınan yazılar orduya qarşı aparılan qara piar kampaniyasının arxasında kimlərin və hansı qüvvələrin dayandığını ortaya çıxarmaqda qətiyyən problem yaratmır. Ordu mənsubları bu məqaqələrin sistemləşdirilməsi və dərindən təhlili nəticəsində onların əsl sifarişçilərinin portretini fiksə etməkdə qətiyyən çətinlik çəkmir. Təəssüf ki, Azərbaycanın ən böyük güc strukturuna qarşı yönələn və birmənalı şəkildə Silahlı Qüvvələrimizi parçalamağa xidmət edən bu kampaniyanın həmmüəllifləri arasında yerli və xarici təşkilatları təmsil edən iş adamları ilə yanaşı, ölkəmizdəki bəzi "rəsmi" şəxslərin də əl izləri açıq-aydın görünməkdədir.

Belələri Silahlı Qüvvələrimizi təmsil edən müxtəlif güc strukturlarını qarşı-qarşıya qoymaqdan, onların uğursuz müqayisəsini aparmaqdan belə çəkinmir və bu vaxt bəzi vacib məqamları bilərəkdən qulaqardına vurur, əsasən kütlə auditoriyası üçün hesablanmış yanılış faktlarla manevrlər edirlər. Yeri gəlmişkən, bu il yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunumuş iclasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin dediklərini dövlət rəhbərliyi səviyyəsində bu kimi üzdəniraq təxribatçıların ünvanına göndərilmiş ciddi bir mesaj kimi dəyərləndirmək olar: "Biz heç vaxt imkan vermərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar…".

Qərəzli müqayisələr

Heç kəsə sirr deyil ki, Azərbaycan Silahlı Qüvvələrinin aparıcı kontingentini bu gün ölkənin müdafiəsində müstəsna rol oynayan ordumuz təşkil edir. Əvvəla, bu güc strukturu həm ərazi, həm canlı qüvvə, həm də silah-sursat arsenalı baxımından bütün digər güc strukturlarını dəfələrlə arxada qoyur. Ən əsası isə, düşmənlə təmas nöqtələrinin birmənalı şəkildə hamısı Müdafiə Nazirliyinin birlik və birləşmələri tərəfindən qorunur. Bu nöqtələr relyef baxımından da kifayət qədər ciddi cəhətlərilə bir-birindən fərqlənir.

Belə olan halda bəzi maraqlı güc mərkəzlərinin öz çirkin niyyətlərini reallaşdırmaq məqsədilə ordumuzu ondan qat-qat geridə qalan digər silahlı qurumlarla müqayisə etməsi, ayrı-ayrı faktları adı çəkilən instituta qarşı yönəltməsi, əlbəttə, ilk növbədə ölkənin müdafiə qüdrətini sarsıtmaq niyyəti daşıyır. Ancaq uzun illər ağır və fasiləsiz zəhmət bahasına qazanılmış xalqın və dövlətin monolit birliyi sayəsində bu qüvvələrin layiqli cavab alacağı artıq heç kimdə şübhə doğurmur. Axı bu günün Azərbaycanı təqribən 15-20 il bundan qabaq büsbütün xaos, hərc-mərclik və özbaşınalıq içində çırpınan bir ölkə deyil. Onun vahid bir xətt üzrə yürüdülən böyük dövlət siyasəti, vahid mərkəzdən idarə olunan və daim konkret dinamik inkişaf prinsipinə söykənən güc strukturu, ordusu var.

Texniki fərqlər

O da heç kimdə şübhə doğurmur ki, bu gün Silahlı Qüvvələrimizin inhisarında olan ağır hərbi texnikaların, demək olar, mütləq böyük əksəriyyəti məhz ordumuzun şəxsi heyətinin ixtiyarındadır. Hər il müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən birlik və birləşmələrdə keçirilən genişmiqyaslı komanda-qərargah təlimləri, gecə-gündüz reallaşdırılan və əsl döyüş vəziyyətinə maksimum yaxınlaşdırılan fasiləsiz manevrlər, atəş hazırlıqları və nəhayət, duşmən tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, nəticədə hətta bəzi məqamlarda lokal döyüş əməliyyatlarının aparılması, bütün bunlar ordu həyatının gərginliyini, dinamik xarakterini şərtləndirən aparıcı amillərdir. Əgər buraya xidmətin əsasən təmas xəttində keçirilməsi faktını da əlavə etsək, bəzi güc mərkəzlərinin məkrli niyyətini açıq-aydın görə bilərik.

Məsələ burasındadır ki, Müdafiə Nazirliyinin əksər birlik və birləşmələri bir qayda olaraq döyüş tapşırığını yerinə yetirir. Bu zaman kifayət qədər təhlükəli və dağıdıcı təsir radiusuna malik ağır hərbi texnikaların fasiləsiz olaraq istismarı, təbii ki, bəzən müəyyən xoşagəlməz hadisələrin, cinayət xarakterli insidentlərin baş verməsilə nəticələnir. Bu kimi faktlardan dünyanın ən aparıcı dövlətlərinin orduları belə sığortalanmayıb.

Ümumiyyətlə, orduda istər texniki təhlükəsizliklə əlaqədar qeydə alınan bədbəx hadisələr, silahla törədilən qanundankənar əməllər istisnası mümkünsüz sayılan cinayətlərdəndir. Ümumi statistikaya görə, inkişaf etmiş sivill dövlətlər belə bu sırada heç də arxa cərgələrdə dayanmırlar. Ancaq həmin ölkələrdə baş verən faciəli hadisələrdən heç kim cəmiyyətdə ajiotaj, hərc-mərclik yaratmaq üçün istifadə etmir. Odur ki, bəzi üzdəniraq qüvvələrin, necə deyərlər, qəzavü-qədərdən uzaq, ideal ordu yaratmaq "niyyəti" əslində vətənpərvərlik, təəssübkeşlik kimi ali hisslərə deyil, ayrı-ayrı adamların şəxsi mənafeyinə, karyerasına xidmət edir.

Ağır coğrafi şərait

Ordumuzun əsasən təmas xəttində yerləşən birlik və birləşmələrinin ağır coğrafi şəraitdə xidmət aparması da sirr deyil. Şəxsi heyəti ön mövqelərə çatdıran yolların tam böyük qismi çətin keçilən dağlıq ərazilərdən, sıldırım qayalarlardan ötür. Hətta ən güclü texnikaların belə işləyə bilmədiyi bəzi mövqelərə isə, məcburiyyət qarşısında qalıb ağır hərbi yüklə piyada getmək lazım gəlir. Burada hava şəraitinin əlverişsiz olması, qarlı-şaxtalı günlərin üstünlük təşkil etməsi də vəziyyətin ağırlaşmasında mühüm rol oynayan əsas faktlardandır.

Digər tərəfdən, üzbəüz mövqelərin daim nişangahda, atəş altında saxlanılması, təbii ki, şəxsi heyətdə məyyən psixoloji gərginliyin yaranmasına gətirib çıxarır. Bəzən hərbi qulluqçular arasında fərdi münasibətlər zəminində qeydə alınan insidentlərin əsas səbəblərini də məhz burada axtarmaq lazımdır. Bu kimi hallar, təəssüf ki, arada hətta ən ağır nəticələrə, insan itkilərinə belə gətirib çıxara bilir.

Lakin bütün bunlar ordu əleyhinə qara piyar kampaniyası aparmağa, Vətənin müdafiəsində dayanan mətin əsgər və zabitlərimizin şərəfli xidmətini aşağılamağa əsas vermir. Ən azı ona görə ki, yuxarıda qeyd etdiyimiz kimi, müvafiq şəraitdə xidmət aparan heç bir dünya ordusu bu sayaq bədbəxt hadisələrdən sığortalanmayıb. Ona görə də ordumuzu arxa cəbhədə, dinc şəraitdə xidmət aparan, az kontingentli digər silahlı qurumlarla, məsələn, Sərhəd Qoşunları ilə müqayisə etmək, onların daha az itkilər verməsini əldə bayraq kimi tutub, Müdafiə Nazirliyini nüfuzdan salmağa çalışmaq, müharibə vəziyyətində yaşayan bir ölkədə qətiyyən yolverilməzdir.

Anti-ordu ssenariləri

Orduya qarşı təxribatların ssenarisi təkcə Bakıda yazılmır. Bu ssenarilərin əlyazmasını bizə yaxın və uzaq olan xarici ölkələrdən də tapmaq mümkündür. Bundan ötrü dəridən-qabıqdan çıxan kifayət qədər imkanlı təşkilatlar, fondlar və iş adamları var. Onlar Ermənistanın mənafeyi naminə öz vəsaitlərini üçüncü dövlət vasitəsi ilə "Demokratiya", "söz azadlığı" və s. adı altında Azərbaycana yönəldir, az vəsaitlə çox iş görməyə çalışır və etiraf edək ki, bəzən öz məqsədlərinə çatırlar.

"Orduya ictimai nəzarət", "orduya vətəndaş nəzarəti" və s. kodu altında şifrələnmiş, xaricdən və daxildən dəstəklənən bir sıra layihələrin arxasında da məhz bu dayanır. Bu layihələrin əsl məqsədini üzdə demokratiya pərdəsi altında məharətlə məxfi saxlamağa çalışan güclər, ayrılmış xüsusi qrantlar vasitəsilə Azərbaycana bir növ arxadan zərbə endirirlər.

Təəssüflə qeyd etməliyik ki, müxalifət düşərgəsinə mənsub bəzi qeyri-hökumət təşkilatları, o cümlədən KİV-lər yabançı qüvvələrin əlində bir növ ucuz başa gələn alətə çevrilir, bununla da, üzdə özləri haqqında əsl vətənpərvər imici yaratmağa çalışır, əslində isə, düşmən dəyirmanına su tökürlər.

Yeri gəlmişkən, antiordu siyasətinin ictimailəşdirilməsi və daim gündəmdə saxlanılması üçün xüsusilə Müdafiə Nazirliyi rəhbərliyindən incik düşən, yarıtmaz xidmətinə görə nizamnamə və digər direktiv sənədlər əsasında Silahlı Qüvvələrdən kənarlaşdırılan sabiq hərbçilərin "xidmətindən" də kifayət qədər istifadə olunur.

İncə məqamlar

Antiordu təbliğat maşının nüvəsində, son olaylardan da göründüyü kimi, əsasən ölüm hadisələri dayanır. Ölüm faktlarının istər döyüş, istərsə də qeyri-döyüş şəraitində qeydə alınmasından asılı olmayaraq əsas diqqət ölkədəki sabit vəziyyəti gərginləşdirməyə, xüsusilə ordu ilə xalqın birliyini sarsıtmağa yönəldilib. Bu iki tərəfi bir-birinə sıx bağlayan mənəvi telləri qırmaq, indiki məqamda hərbi vətənpərvərlik tərbiyəsini "zərərsizləşdirmək", gənc nəsildə orduya inam və etimadı sarsıtmaqla xarakterizə oluna bilər. Məhz bu səbəbdən də əksər məqamlarda törədilən cinayətlər mili mentalitetdən irəli gələn vacib mənəvi dəyərlərlə əlaqələndirilir. Baş vermiş hər hansı olaya hüquqi qiymət verilmədən, istintaq tədqiqatları yekunlaşdırılmadan yuyulmamış çömçə kimi ortaya atılan adamlar ordu ilə sıx bağlı olan əhalinin sferasına, dünyagörüşünə və düşüncə tərzinə dağıdıcı bir virus kimi təcavüz edir və bunun təbii nəticəsi kimi əhalinin xüsusilə maarifdənkənar qismi üçün ilkin informasiyalardan doğan təəssüratlar sonrakı informasiyalardan doğan təəssüratları kölgədə qoyur. Bir sıra informasiya agentliklıkləri, internet saytları və qəzetlərdən camaata tələm-tələsik çatdırılan "şok açıqlamaların" arxasında da elə məhz bu dayanır. Məqsəd hər bir faktı ordu rəhbərliyinin əleyhinə yönəltməklə, ölkənin müdafiəsi üçün məsuliyyət daşıyan komandanlığı nüfuzdan salmaq, dövlətin dayaq nöqtəsini sarsıtmaqdır.

Son söz əvəzi

Bununla belə, Müdafiə Nazirliyi baş verən hər hansı neqativ halı nəinki inkar etmir, əksinə, qanunun aliliyini qorumaq məqsədilə mövcud olan bütün imkanlardan istifadə edir. Bunun təbii nəticəsi kimi, ordumuz öz döyüş və mənəvi-psixoloji hazırlığını ilbəil artırır. Təsadüfi deyil ki, dünyanın bir sıra aparıcı dövlətlərinin ordu komandanlıqları hərbi qulluqçularımızın xidməti vəzifələrinin icrası zamanı nümayiş etdirdikləri peşəkarlıqdan ağızdolusu danışır, ölkəmizdə qısa müddət ərzində əldə olunan uğurları yüksək qiymətləndirirlər. Bu uğurları bizim də görməyimizin və dəyərləndirməyimizin vaxtı isə çoxdan çatıb.

İbrahim RÜSTƏMOV