Jurnalist siyasi şüar səsləndirirsə...

4 Fevral 2013 18:47 (UTC+04:00)

Son zamanlar Azərbaycanda baş verən aksiyalarla bağlı bir sıra jurnalistlər müəyyən siyasi qüvvələrin tərəf müqabili kimi iştirak edirlər. Bu kimi hadisələrə qəzet baş redaktorlarının münasibətini öyrənməyə çalışdıq. SİA bir neçə qəzet baş redaktorlarının fikirlərini diqqətinizə çatdırır:

Aydın Quliyev, "Bakı-Xəbər" qəzetinin baş redaktoru:

- Hər bir vətəndaşın aksiyalarda iştirak etmək hüququ konstitusiya ilə təsbit olunub. Amma burda söhbət hakimiyyət orqanları ilə razılaşdırılmış aksiyalardan gedir. Aksiyalar razılaşdırılanda xüsusi nüanslar meydana çıxmır. Ancaq qeyri-qanuni aksiyalarda isə hər kəsin hansı statusda iştirak etməsi məsələsi əsaslı olaraq gündəmə gəlir. O cümlədən də jurnalistlərin. Əgər media orqanlarında çalışan şəxslər orda öz peşəsinə uyğun olaraq informasiya toplamaq, reportaj hazırlamaq və mətbuat şurası tərəfindən müəyyən olunmuş geyim qaydasına əməl edibsə bu məqbul hesab olunur. Ancaq media mənsublarının belə aksiyalarda geyim qaydalarını pozmaqla iştirak etməsi hallarında müəyyən məqamlar meydana çıxır. Heç bir fərqləndirici geyimi olmayanlar aksiyalarda iştirakçı statusunda çıxış edəndə təhlükəsizlik orqanlarının əməkdaşları ilə problemlər meydana gəlir ki, burda təhlükəsizlik orqanları əməkdaşlarını qınamaq yerinə düşmür. Ona görə də jurnalistlər aksiyalarda müəyyən olunmuş geyim qaydalarına əməl etməlidirlər.

Elçin Mirzəbəyli, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:

- Aksiyalarda jurnalistlər üçün müəyyən olunmuş normalar var. Jurnalist müəyyən olunmuş yerdə aksiyaları izləməlidir. Tanınmaq üçün müəyyən seçilmə nişanlarından istifadə etməlidir. Təhlükəsiz yerdə dayanmalıdır ki, onun həyatı üçün hər hansı bir təhlükə yaranmasın. Hadisələri neytral mövqedən izləməlidir. Heç bir halda bu vəy digər tərəfin mövqeyindən çıxış etməməlidir. Bunu media sahəsində çalışan hər bir kəs bilməlidir.

Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru:

- Qanunsuz aksiyalarda iştirak edən jurnalistlər Mətbuat Şurasının müəyyən etdiyi geyim formasında olmalıdır. Təəssüflər olsun ki, bəzi jurnalistlər tərəf kimi qanunsuz aksiyalarda iştirak edirlər. Qanun tətbiq olunanda isə başqa məqamlar meydana çıxır. Ona görə də jurnalistlər qanunsuz bir əməl törədərsə bir vətəndaş kimi onlarda qanun qarşısında məsuliyyət daşıyırlar. Bəzi jurnalistlər də var ki, onlar artıq siyasiləşiblər. Hesab edirəm ki, bu kimi hallara qətiyyən yol vermək olmaz. Jurnalist peşəsinə hörmətlə yanaşmalı və qanunvericiliyin tələblərinə uyğun peşə fəaliyyətini qurmalıdır.

Yunus Oğuz, "Olaylar" qəzetinin baş redaktoru:

- Jurnalist olanları işıqlandırmalıdır. Siyasi şüarlar səsləndirməli deyil. Əgər jurnalist siyasi şüarlar səsləndirirsə o artıq jurnalist yox, müəyyən bir qüvvənin mövqeyindən çıxış edən tərəfdir. Jurnalistərin siyasi şüarlar səsləndirməsinin qəti əleyhinəyəm. Sadəcə olaraq jurnalist öz işini mükəmməl yerinə yetirməlidir.