Sarkisyanın çıxış yolu

4 Fevral 2013 16:11 (UTC+04:00)

Ermənistanda prezident seçkisi ərəfəsində prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsdin törədilməsi onsuzda ölkədə gərgin olan durumu daha da pisləşdirib. Bir tərəfdən ifrat yoxsulluğun artması, işsizlərin ordusunun günü-gündən çoxalması, insan haqlarının tapdanması digər tərəfdən kriminogen ünsürlərin daha da aktivləşməsi onsuz da ümidsiz vəziyyətdə olan erməniləri ölkədən qaçmağa vadar edir.

Mühacirlərin sayı artır

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, ötən il ölkədə qeydə alınan nikahların sayı 2011-ci il ilə müqayisədə 3.3 faiz azalıb, boşanmaların sayı isə 1.9 faiz artıb.

Bu il yanvarın 1-ə olan məlumata görə, Ermənistanın daimi əhalisi 3 milyon 041 min nəfər təşkil edib. 2012-ci ildə 49660 nəfər Ermənistandan mühacirət edib ki, bu da 2011-ci ilin göstəricisindən 534 nəfər çoxdur.

Ermənistan hakimiyyəti çıxış yolu kimi ölkədəki boşalmanın yerini Suriyadan qaçan ermənilərin hesabına doldurmaq istəyir. Təbii ki, burada erməni fəsadlığı yenə də özünü göstərir. Suriyalı ermənilər işğal olunmuş Azərbaycan torpaqlarına yerləşdirilir.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında Suriyadan olan ermənilərin işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmasını narahatedici hal olduğunu deyib.

O qeyd edib ki, Azərbaycan Suriyadan olan erməni ailələrinin məskunlaşdırılmasına qarşı deyil, Azərbaycanı narahat edən erməni ailələrinin işğal olunmuş ərazilərdə məskunlaşdırılmasıdır: "İnsanların Suriyanı tərk etməsi normaldır, insan həyatını itirmək istəmir. Onların Ermənistanda məskunlaşdırılmasına qarşı da heç bir iddiamız yoxdur. Lakin nədənsə sonradan onları Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məskunlaşdırırlar. Bildiyimiz kimi, Ermənistan əhalisinin 50 faizi ölkəni tərk edib, bu səbəbdən ölkədə çoxlu boş yerlər var. Demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədilə bu yerlərdən Suriyadan gəlmiş erməniləri məskunlaşdırmaq üçün istifadə etmək olar. Bununla da suriyalı ermənilər Ermənistanın özündə yaşamaq imkanı əldə etmiş olarlar. Bu nöqteyi-nəzərdən çıxış edərək, Ermənistanın tamamilə başqa məqsəd güddüyünü iddia edirəm".

Bu, təkcə məskunlaşma məsələsi deyil

Xarici işlər nazirinin müavini digər ciddi bir məsələyə diqqət çəkib: "Suriyadan gələn qaçqınlar arasında terrorçular da ola bilər. Onlardan qaçqın görkəmində diversiyaların həyata keçirilməsi üçün istifadə edilə bilər".

Araz Əzimov 1993-cü ildə təlim keçmiş, terrorçu vərdişlərinə yiyələnmiş 300 nəfərdən ibarət erməninin Dağlıq Qarabağa göndərildiyi və terrorçuların orada azərbaycanlı əhaliyə qarşı döyüşdüyü faktını xatırladıb: "Bu kimi faktları nəzərə alaraq biz ciddi narahatlıq keçiririk və bu məsələ diqqət mərkəzində olmalıdır. Bu, təkcə məskunlaşma məsələsi deyil. Hətta məskunlaşma məsələsi olsa belə, bizi ciddi şəkildə narahat edir".

Sanksiyalar Ermənistana da təsir edir

Suriyalı soydaşlarına "qucaq açan" Ermənistan ianələr hesabına ayaq üstə dayanmağa çalışır. Çörək tapmaqda çətinlik çəkən ermənilərə Dünya Bankının İcraçı Direktorlar Şurası kredit ayrılması haqqında qərar qəbul edib. Ancaq bu dəfə Dünya Bankı insanların sosial rifahı üçün deyil, ölkədə əhəmiyyətli yolların təkmilləşdirilməsinə 45 milyon kredit ayırıb. Kredit 10 il üstünlük dövrü ilə 25 il müddətinə verilib.

Ölkəni böhran vəziyyətindən çıxarmağa cəhd edən Sarkisyan iqtidarı İranla iqtisadi əlaqələrə güc vermək niyyətindədir. Baxmayaraq ki, İran özü sanksiyalardan əziyyət çəkir. iribnews.ir xəbər saytının məlumatına görə, İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi, Ermənistanda İran İslam Respublikasının 34-cü ildönümü münasibəti ilə keçirilən tədbirdə bildirib ki, İran və Ermənistan arasında ticarət mübadiləsi bir milyard dollara çatdırılacaq.

"Kommersant" qəzetinə müsahibəsində isə Ermənistan prezidenti Serj Sarkisyan deyib ki, Ermənistan İranla beynəlxalq hüquq çərçivəsində əməkdaşlıq edir. Amma İrana qarşı sanksiyalar Ermənistana da təsir edir.

Qəzetinə müsahibəsində Ermənistan prezidenti bildirib ki, Abxaziyadan keçən dəmiryolunun açılması nəticəsində Ermənistanın dəmiryolu blokadasını yarması çox böyük uğur olardı. Onun sözlərinə görə, daşınmanın mümkünsüzlüyü və bahalı olması səbəbindən Ermənistan məhsulları rəqabətə tab gətirə bilmirlər: "Təbii ki, Abxaziyadan keçən dəmiryolunun açılması üçün 4 ölkənin razılığı lazımdır. Lakin Gürcüstanın baş naziri Bidzina İvanişvili Ermənistana son səfəri zamanı deyib ki, dəmiryolu xəttinin açılması Gürcüstan üçün də sərfəlidir".

Gürcüstan xarici siyasətinin "erməniləşdirilməsi"

Gürcüstan prezidenti Mixeil Saakaşvili isə ölkənin xarici siyasət kursunun "erməniləşdirilməsinə" qarşı çıxıb: "Gürcüstanda parlament seçkiləri nəticəsində hakimiyyət dəyişikliyindən sonra yeni hökumət bir sıra bəyanatlar verib. Onlardan biri ölkənin xarici siyasət kursunun "erməniləşdirilməsi" ilə bağlıdır. Yəni biz NATO və Rusiya ilə eynə məsafə saxlamalıyıq. Bu yanaşma əvvəllər Gürcüstanın xarici siyasət kursu olmayıb".

Saakaşvili Abxaziya ərazisindən dəmiryolunun açılması ehtimalını Gürcüstan siyasətinə erməni modelinin digər neqativ təsiri adlandırıb: "İrəvanda artıq dəmiryolunun Abxaziya hissəsinin bərpa olunmasının texniki detalları müzakirə olunur. Bu, işğalın leqallaşdırılması demək olacaq".