Azərbaycan cüdoçuları 1-ci oldular FOTO

4 Fevral 2013 13:50 (UTC+04:00)

Tbilisidə cüdo üzrə Qitə Kuboku yarışları keçirilib. Siasport.az saytının məlumatına görə, 23 idmançıdan ibarət Azərbaycan millisi yarışda iki qızıl, bir gümüş və iki bürünc medal qazanaraq komanda hesabında birinci pillədə qərarlaşıb. İsrail, Yaponiya və Gürcüstan komandaları isə müvafiq olaraq 2, 3 və 4-cü yerləri tutublar. Ötən il Gürcüstan komandası 6 medalla yarışın birincisi olmuşdu.
Cüdoçularımız Tural Safquliyev (81 kq) və Şexmad Maqomedov (90 kq) turnirin qalibi, Şahin Qəhrəmanov (90 kq) ikinci, Hüseyn Rəhimli (73 kq) və Məmmədəli Mehdiyev (81 kq) isə üçüncü olublar.
Yarışın birinci günü Azərbaycan cüdoçusu Hüseyn Rəhimli (73 kq) bürünc medala sahib olub.
Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Tural Safquliyev gürcüstanlı Yason Çilindrişviliyə, ukraynalı Sergey Qonçuka, macarıstanlı Milan Kollerə, komanda yoldaşı Məmmədəli Mehdiyevə, İsrail cüdoçusu Asaf Çenə qalib gələrək finala yüksəlib. Finaldakı rəqibi yaponiyalı Takanori Naqaseyi ipponla məğlub edən cüdoçumuz Tural Safquliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bürünc medal uğrunda mübarizəni davam etdirən Məmmədəli Mehdiyev ilk qarşılaşmada ermənistanlı Mqer Karapetyanı, daha sonra isə rusiyalı Arsen Prşmaxovu məğlub edərək üçüncü pillədə qərarlaşıb.
Yarışda 90 kiloqram çəki dərəcəsində mübarizə aparan çüdoçumuz Şahin Qəhrəmanov rusiyalı Dmitri Renevi və gürcüstanlı Zviyad Qoqoçurini məğlub edərək dörddəbir finala yüksəlib. Bu mərhələdə cüdoçumuz Ukrayna idmançısı Stanislav Retinskiylə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn cüdoçumuz yarımfinalda tatami sahibi Paşa Tavelurini də məğlub edib. Beləliklə, finalda Azərbaycan cüdoçuları Şexmad Maqomedov və Şahin Qəhrəmanov birincilik uğrunda mübarizə aparıblar. Azərbaycan duelindən Şexmad Maqomedov qalib ayrılaraq qızıl medal qazanıb.

Qeyd edək ki, Ş.Maqomedov həlledici mərhələyə gürcüstanlı Yumberi Qiqaurini, rusiyalı Yuri Panasenkovu, ermənistanlı Karen Yanoyanı (ippon) və Beko Qvinaşvilini (Gürcüstan) məğlub edərək yüksəlib.

Tbilisidə keçirilmiş Qitə Kuboku yarışlarını Gürcüstanın Baş naziri Bidzina İvanişvili, daxili işlər naziri İrakli Qaribaşvili və digər rəsmi şəxslər izləyiblər.