Bəstəkarlar İttifaqında "Gənclər Günü" qeyd edilib FOTO

2 Fevral 2013 13:12 (UTC+04:00)

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Gənclər Gününə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən ittifaqın katibi bəstəkar Aliyə Məmmədova gənc həmkarlarını təbrik edərək təmsil etdiyi qurumun gənc bəstəkarların formalaşmasında apardığı məqsədyönlü işlərdən söhbət açıb.

A.Məmmədova vurğulayıb ki, gənc bəstəkarlar mütamadi olaraq ittifaqın keçirdiyi tədbirlərə, konsertlərə və konfranslara cəlb edilir və onlara öz yaradıcılıqlarını nümayiş etdirməyə hər cür şərait yaradılır.

İttifaqın katibləri əməkdar incəsənət xadimləri- Sərdar Fərəcov, Cəlal Abbasov və Lalə Hüseynovanın da iştirak etdiyi tədbirdə ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, 2012-ci ildə gənc bəstəkarların əldə etdikləri nailiyyətlərdən söhbət açılıb, onların problemləri müzakirə olunub.

Tədbirdə gənc bəstəkarlardan Ayaz Qəmbərlinin "Qovuşma", Türkər Qasımzadənin "Süd rəngli çalarlar", Tahir İbişovun "Göy üzərində səma" və digər əsərlər dinlənilib.

Dəyirmi masada həmçinin müxtəlif mövzular ətrafında maraqlı fikir mübadiləsi aparılıb.