“Gəncləşən muğam - 4” baş tutdu FOTO

2 Fevral 2013 11:11 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə gənc xanəndələrin Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Gəncləşən muğam - 4" adlı konserti keçirilib. SİA-nın məlumatına görə, tədbirdə elm, mədəniyyət və ictimaiyyət xadimləri, muğamsevərlər iştirak ediblər. Konsertin açılışında Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və xalq artisti Arif Babayev çıxış edərək Azərbaycan muğamının gəncləşməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolunun olduğunu bildiriblər.

Daha sonra xanəndə, xalq artisti Mənsum İbrahimov çıxışında vurğulayıb ki, layihəni həyata keçirmək üçün uzun müddətdir ki, məşqlər gedir: "Bundan əvvəlki layihələrdən fərqli olaraq bu dəfə ifaların hamısı əsasən duet şəklindədir. İfaçılarımızın ən kiçiyinin 9, böyüyünün isə 35 yaşı vardır. Təqdim olunan 18 musiqi nömrəsinin hər birini demək olar ki, ayrı-ayrı tar və kaman ifaçıları müşayiət edəcəklər. Konsertimizdə Təbrizdən gəlmiş Hüseyn Məlikzadənin də ifası dinləniləcək. Tanınmış və gənc ifaçıların təmsil olunduqları layihənin məqsədi bu sənətə təzə gələn gənclərə kömək etmək, onları geniş auditoriyaya tanıtmaqdır".

Çıxışlardan sonra "Gəncləşən muğam - 4" konsert proqramı təqdim edilib. Xalq artisti Mənsum İbrahimov ilə əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsi olan bu konsert proqramında xalq və bəstəkar mahnıları, o cümlədən muğam parçaları dinlənilib.