"Onun seçilməsinin Azərbaycanla heç bir əlaqəsi yoxdur"

1 Fevral 2013 13:37 (UTC+04:00)

"Ramazan Abdulətifovun Dağıstana rəhbər təyin edilməsinin Azərbaycanla heç bir əlaqəsi yoxdur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov bildirib.

"Abdulətifov hər zaman millətlərarası məsələlərlə məşğul olan adam olub və mən də o zaman Moskvada bu işlə məşğul olan adamlardan biri idim. O, ağıllı, təmkinli və təxribatlara meyilli olmayan bir ziyalı adamdır",- deyə politoloq sözlərinə əlavə edib.

Millət vəkili hesab edir ki, onu Dağıstana təyin etmələrinə əsas səbəb oradakı gərgin vəziyyəti cilovlamaqdır: "Çoxları hələ də başa düşmürlər ki, bu gün Dağıstanda vəziyyət çox gərgindir. Təkcə keçən il ərzində 300-dən çox hüquq mühafizə orqanlarında çalışanlar qətlə yetirilib. Bu oradakı vəziyyətin nə qədər mürəkkəb olduğunun bariz göstəricisidir. Ona görə də Abdulətifovun təyinatında Azərbaycanla bağlı heç bir əlaqə yoxdur. Əksinə onun təyinatı Azərbaycanla Dağıstan arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Bu baxımdan ondan Azərbaycana qarşı istifadə etmək haqqında deyilən fikirlər əsassızdır. Baxmayaraq ki, onun Azərbaycanda kifayət qədər yaxın qohumları var, o, heç zaman belə işlər görməyib və heç kimi Azərbaycana qarşı istifadə etməyib. Bundan sonra da belə olacaq".