Teatrın beynəlxalq səhnəyə inteqrasiyası

1 Fevral 2013 12:26 (UTC+04:00)

24 yanvar 2013 – British Council Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində "Teatr əməkdaşlığı" layihəsinin başlandığını elan etməkdən məmnunluq duymaqdadır. Quurumdan SİA-ya verilən məlumata görə, bu layihədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Dram Teatrı, Yuğ Teatrı, Bakı Pantomima Teatrı və Rus Dram Teatrı kimi dövlət və özəl teatrları ilə əməkdaşlığı genişləndirmək nəzərdə tutulub.
Layihə Birləşmiş Krallığın mütəxəssislərinin həyata keçirdiyi təlim proqramı vasitəsilə Azərbaycanın dövlət və özəl teatrlarında gənc aktyorların və səhnəarxası heyətin peşəkar bilik və bacarıqlarının gücləndirilməsinə istiqamətlənib. Layihənin məqsədi müəyyən qrup gənc aktyor və səhnəarxası heyətin bacarıq və peşəkarlığını beynəlxalq standartlar səviyyəsində təkmilləşdirməyə kömək etməkdir. Təlim və təcrübə mübadiləsi yolu ilə Azərbaycanın bir qrup teatr işçisi nümunə olacaq. Bununla yanaşı teatr qrupunu formalaşdıracaq, yerli teatr məktəblərinə, tendensiya üslublarına təsir göstərəcək və Azərbaycan teatrının beynəlxalq teatr səhnəsinə inteqrasiyasına töhfələr verəcək.
Layihə çərçivəsində ilk təlim 20 illik təcrübəyə malik peşəkar işıqlandırma dizayneri Maykl Manyon tərəfindən 4-6 fevral 2013-cü il tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanın müxtəlif teatrlarını təmsil edən işıqlandırma dizaynerləri üçün keçiriləcək.
Qeyd edək ki, layihə çərçivəsində ikinci təlim peşəkar teatr rejissoru Yan Vilyem Van Den Boh tərəfindən 11-15 fevral 2013-cü il tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan teatrlarında fəaliyyət göstərən aktyorlar üçün keçiriləcək.

British Council-ın Azərbaycan nümayəndəliyi fürsətdən istifadə edib göstərdikləri dəstəyə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına təşəkkür edir.