Azad Rəhimov: "Bakı" Avropaya yeni pəncərə açır"

1 Fevral 2013 10:34 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, gənclər və idman naziri Azad Rəhimov və "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov "Atletiko" Madrid klubunun rəhbərliyi ilə görüşüblər. Siasport.az saytının məlumatına görə, nazir açıqlama verərək səfərin önəmini artıran məqamlara toxunub: "Burada gördüklərim məni çox sevindirdi. "Bakı"nın Avropa futbol reytinqində 7-ci pillə tutan bir klubla əməkdaşlıq etməsi olduqca böyük hadisədir. Bu, bütün ölkə idmanı adına fərəh qazandıran bir addımdır. Bu addımla "Bakı" Avropaya yeni pəncərə açır."

Bu əməkdaşlığın ölkəmizin İspaniyada daha çox tanınıb, sevilməsinə səbəb olacağını bildirən nazir, iki klubun dostluğunun idman nəticələri ilə bərabər mədəni və humanitar önəm daşıdığını da sözlərinə əlavə edib: "Şübhə yoxdur ki, İspaniyanın aparıcı klublarından biri ilə əməkdaşlıq etmək idman nəticələri baxımından inkişafa səbəb olacaq. Ancaq Azərbaycanın qazancı tək bu olmayacaq. Bu əməkdaşlıq iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə, xalqlarımızın daha da yaxınlaşmasına və əlbəttə ki, Azərbaycanın Avropanın aparıcı ölkələrindən biri ilə möhkəm əlaqələr qurmasına xidmət edəcək.
"Bakı" klubunun prezidenti Hafiz Məmmədov mənə əməkdaşlığın müddəaları barədə ətraflı məlumat verib. Orada bir çox sevindirici məqamlar var. İlk növbədə futbolumuzu keyfiyyətli bir səviyyəyə qaldırmaq nəzərdə tutulur. Azərbaycanlı uşaqların burada uzunmüddətli təlim alması onların Avropa səviyyəli futbolçu kimi yetişməsini təmin edəcək.
İnanıram ki, bir neçə ildən sonra Avropa klublarında azəri soyadlarına rast gələn zaman kimsə təəccüblənməyəcək".