Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq
İran İslam Respublikasının Azərbaycandakı səfiri M.Pak Ayinin aktivliyi göz qabağındadır və təqdirəlayiqdir. Azərbaycan rəsmiləri ilə çoxsaylı görüş keçirən səfir siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrdə canlanma kursu reallaşdırır. Mətbuatla işini yüksək səviyyədə qurub. Azərbaycan mətbuatında belə qısa zaman kəsiyində İranın heç bir səfirinə bu qədər maraq olmayıb. Dağlıq Qarabağ məsələsinə münasibətdə də bəzən xalis islami, bəlkə də yalnız özünəməxsus mövqe nümayiş etdirir. Ona görə özünəməxsusdur ki, onun Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi bəyanatlar Azərbaycanın maraqlarına cavab verəndə həmin mövqe İran rəsmilərində, Xarici İşlər Nazirliyində dəstək tapmır. Əksinə bəzən səfir Pak Ayinin Dağlıq Qarabağ ilə bağlı bəyanatlarının diplomatik təkzibini görürük. Hər halda səfirin fəaliyyətini azaltmağa heç bir əsas yoxdur. Lakin aktivliyini səmərəli etməyə ciddi ehtiyac var. Bir sıra məsələlərdəki müxtəlif qrupların mövqelərindəki fərq aydın şəkildə üzdədir.
A) İran "Araz" və "Xudafərin" adlı azad ticarət zonalarını Azərbaycanla yaratmaq təşəbbüsünü irəli sürmüşdü. Bu təşəbbüslər Azərbaycan tərəfindən qəbul edildi. Lakin sonradan İran birdən-birə Ermənistanla Azad ticarət zonası yaratmaq mövzusunda müzakirələrə başladı və danışıqlarda kifayət qədər irəlilədi. Sənədlər imzaladı. İranın azad ticarət zonası yaratmaqla bağlı mövqeyindəki Azərbaycanı inkar edib, Ermənistana üz çevirmək prosesi o qədər sürətlə baş verdi ki, hətta İran mətbuatı nəsə bir şey tapıb Azərbaycanı şərləməklə ictimai rəy formalaşdıra bilmədi. Azad ticarət zonası məsələsində Ermənistanı seçmək İranın mövqeyidir.
B) İranda peyğəmbərimizin mövluduna həsr olunmuş 26-cı Vəhdət konfransı keçirildi. Konfransda İranı maraqlandıran, İranın ritorika ilə məşğul olduğu bütün məsələlərə münasibət bildirildi. Lakin Dağlıq Qarabağ məsələsi barədə bircə kəlmə də söz deyilmədi. İran özünü müsəlman bilmir, yoxsa başqa variant var deyə bilmirik. Amma Qarabağdan qovulanların tamamilə İrandakı müsəlmanlar kimi müsəlman olduğu heç kimdə şübhə doğurmur. Fələstin və Qarabağ məsələsi arasında İran üçün fərqin olduğunu İran sübut etdi. Çünki müsəlmanlar dünyanın harasında toplaşsalar, orada Dağlıq Qarabağ məsələsində münasibət bildirilir. Amma İranın ərazisində toplananda Qarabağ məsələsi unudulur. İran sübut etdi ki, Qoşulmama hərəkatının sammitində Qarabağ məsələsinə dair sənəd İranın xidməti deyil.
Belə ziyanlı fərqləndirmənin, Dağlıq Qarabağ məsələsinin İslama aid konfransda yer almaması İranın seçimidir.
Dağlıq Qarabağ problemi İran üçün həm test, həm də təhlükədir. Dağlıq Qarabağ problemi Azərbaycana bundan artıq ziyan vura bilməyəcək. Biz Dağlıq Qarabağ problemi olduğu halda inkişaf edə bildik. İnkişafımız Dağlıq Qarabağ probleminin həllinə şərait yaradır. Beynəlxalq güclər Dağlıq Qarabağ münaqişəsini ona görə həll etmirlər ki, özlərinin Dağlıq Qarabağ münaqişəsinin qonşuluğundaki iri dövlətlərlə hərənin özünə məxsus məqsədi var. Lakin İranla bağlı məqsədlərdə hamısının mövqeyi üst-üstə düşür. İran Dağlıq Qarabağ adlı və ya ona bənzər problemi olmaya-olmaya geriləyir. Allahın, Quranın müsəlmançılığın qaydalarını poza-poza Allahdan yardım gözləmək tamam əbəsdir. İranda kimlərsə özlərini bütün bu meyarlardan üstün bilir. Amma Allah-Təala qaydanı hamı üçün qoyub.